Ordu.az-ın daha öncə də xəbər verdiyi kimi, ilkin olaraq, Ermənistan mətbuatı Əsgərandan çağırılan və mühəndis istehkam bölüyündə xidmət edən hərbi qulluqçu Ara Arakelyanın naməlum səbəbdən öldüyünü bildirmişdi.
Bu gün isə hadisənin bəzi detalları məlum olub. Hələlik adı və soyadı gizlədilən əslən Ermənistandan olan hərbi qulluqçu qarabağlılar tərəfindən təhqir edildiyinə görə avtomatla tabor komandiri Sasun Stepanyanı, “Qavroş” ləqəbli taborun qərargah rəisini, əsgərlər Andranik Koşkanyan və Ara Arakelyanı güllələyib.
Nəticədə A.Arakelyan aldığı güllə yaralarından yerindəcə ölüb. Digər 3 nəfər isə yaralanıb.
Hadisədən dərhal sonra qondarma qurumun "hüquq mühafizə orqanlarının yüksək çinli əməkdaşları" hərbi hissəyə gəliblər.
Öldürülən əsgər A.Arakelyanın valideynləri Ermənistan müdafiə nazirliyinin qarşısında çıxışlar edərək övladlarının hərbi hissədə məruz qaldıqları dözülməz münasibətdən, ac qalmalarından, geyim və dərmanların çatışmamasından danışıblar. Hadisənin böyüməsindən qorxan nazirlik rəhbərliyi onları yenidən İrəvandan Qarabağa göndəriblər. A.Arakaelyanın valideynləri istintaq ədalətli aparılmazsa, sakit qalmayacaqlarını bəyan ediblər.
Dörd nəfəri güllələyən əsgər ilkin dindirmədə müstəntiqlərlə söhbətində məhz Ermənistandan olduğu üçün təhqirlərə məruz qalmasına etiraz əlaməti olaraq hadisəni törətdiyini bildirib.
"İmkanım olsaydı hamısını öldürərdim", - deyə əsgər qeyd edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ordu.az