Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, cənab J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.
Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.
Ordu.az