Ordu.az xəbər verir ki, bunu erməni KİV-lərinə verdiyi müsahibəsində hərbi ekspert Davit Camalyan deyib.
O, ərazi güzəştlərinin müzakirə edilməsini belə qəbulolunmaz hesab edərək, işğal edilmiş əraziləri saxlamağın lazım olduğunu vurğulayır. O bildirir ki, Azərbaycan tərəfi üçün qəbulolunmaz olsa da, bu kimi münaqişələrdə kompromislər olmur.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan ideologiyasında Naxçıvanı Azərbayacana birləşdirmək perspektivi durur.
“Bu baxımdan əgər Qarabağın bir hissəsi məlum olmayan nəyinsə müqabilində güzəştə gedilərsə, növbəti münaqişənin əsası qoyulmuş olacaq. Bu addım Ermənistanın cənub istiqaməti Sünik vilayətini təhlükə altına atmış olacaq. Belə bir təhlükə olduğu halda münaqişənin həlli hər iki tərəf üçün qəbul olunan bir məqama gətirilməlidir”, - deyə o təxribatçı fikirlərini davam etdirib.
O hesab edir ki, ərazi hesabına Qarabağa status verilməsi sabitliyə gətirib çıxara bilməz.
“Azərbaycan heç vaxt Qarabağı (qondarma qurum-red) tanımayacaq. Qarabağın danışıqlar masasına qaytarılması tələbini indiki məqamda düzgün atılmış addım hesab etsəm də, bu məsələdə Azərbaycan və həmsədrlər tərəfindən Ermənistanın əks təzyiqlərə məruz qalacağını da istisna etmirəm. Fikrimcə, Ermənistan tərəfinin mövqeyini kəskinləşdirəcəyi təqdirdə, qarşı tərəfin müharibəyə əl atacağından çəkinmək lazım deyil”, - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az