Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb.

"Həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olunub. Hal-hazırda araşdırma işləri davam edir", - deyə açıqlamada qeyd olunub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda isə bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.
Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Məsələ ilə bağlı
Ordu.az-ın Qərb bürosunun müxbiri Elvin İbrahimovun ailəsinə baş çəkib.
Girov düşmüş vətəndaşımızın anası Qərənfil İbrahimova deyib ki, Elvin İbrahimov matın 15-də səhər saat 08:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

"Oğlum bu ayın 15-də səhər saat 08:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. 33 yaşlı oğlum ruhi xəstədir. O, ruhi dispanserdə müalicə alırdı. İkinci qrup əlildir", - deyə Elvinin anası bildirib.
Hazırda E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.
Cümşüd Məmmədov
Ordu.az