Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib

2019/03/12999-1551872577.jpg
Oxunub: 16185     15:41     06 Mart 2019    
Ermənistan parlamenti hərbi çağırışdan yayınan 27 yaşı tamam olanların “bağışlanmasına” dair qanun layihəsini qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamenti yekdilliklə son oxunuşda hərbi xidmətdən yayınmış 27 yaşı tamam olan gənclərin müvafiq cəriməni ödəməklə cinayət təqibindən azad edilməsi barədə qanun layihəsini qəbul edib.

Qanun layihəsinin qəbul olunması ilə 2018-ci ildə və cari ilin 1 mart tarixinədək 27 yaşı tamam olan, təyin edilmiş qaydalara uyğun hərbi xidmət keçməyən erməni gənclərinin müvafiq cəriməni ödəyərək, cinayət təqibindən azad olunmaqla Ermənistana qayıtmasına imkan verilir.

Bu qanun hərbi xidmətdən yayınmaqla kənarda yaşayan 2 min erməni gəncini əhatə edəcək. Qanun layihəsinin müəlliflərindən biri olan Ermənistan parlamentinin “İşıqlı Ermənistan” partiyasını təmsil edən deputat Qevork Qorqisyan qeyd edir ki, hazırda hərbi xidmətdən yayınan 11 min vətəndaş var.

Qeyd edək ki, müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasında müzakirələr zamanı komissiya sədri Andranik Koçaryan, hazırda 27-35 yaş arası 3225 nəfərin axtarışda olduğunu qeyd edib.

Bundan öncə Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi statistikaya görə, 2003-cu ildən başlayaraq 27 yaşı tamam olan hərbi xidmət keçməyən 9985 erməni gənci təyin edilmiş müvafiq qaydalara əsasən vəsait ödəməklə cinayət təqibindən azad ediliblər. Qanuna uyğun olaraq qeyd edilən müddət ərzində Ermənistan Müdafiə Nazirliyinin xüsusi hesabına 11 milyard, 81 milyon, 46 min dram vəsait köçürüldüyü vurğulanıb.

Xatırladaq ki, hər il icra müddəti uzadılan qanun layihəsinə görə 27 yaşı tamam olan hərbi xidmətdən yayınmış erməni gəncləri xüsusi hesaba 1.8 milyon dram vəsait ödəməklə cinayət təqibindən azad olunurlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin