Ordu.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan erməni KİV-lərinə açıqlamasında Yeni il gecəsi ölən hərbi qulluqçu barədə sualları cavablandırıb.
Jurnalistin "Cənab Davtyan, bu ilin Yeni il bayramı gecəsi müqaviləli hərbi qulluqçunun sirli ölümündən başlayaq. Yeni il gecəsi Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan avtomat silahdan açılan atəş nəticəsində ölüb. Lakin hadisə barədə Müdafiə Nazirliyi və İstintaq Komitəsi hər hansı məlumat verməyib. Yeni il gecəsi nə baş verib?" deyə verdiyi suala Davtyan bu şəkildə cavab verib:
"Anlaşılmaz heç bir şey yoxdur. Müdafiə nazirliyi hər hansı hadisəni gizlətmək niyyətində deyil. Konkret baş verən hadisəyə gəldikdə isə ilkin istintaq araşdırması davam edir. Mənə elə gəlir ki, cinayət işinin araşdırılması çərçivəsində bütün sualların cavabı olacaq".
Xatırladaq ki, 2019-cu ilin yanvarın 1-də, saat 04:00 radələrində, Ermənistan MN-in "N" saylı hərbi hissəsinin döyüş mövqelərində həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu Edqar Eduard Qriqoryan sinəsindən güllə yarası almış vəziyyətdə tapılıb. O, Meğri tibb mərkəzinə yerləşdirilib və saat 08:10 radələrində ölüb.

Alpər Mövludoğlu
Ordu.az