Soyuq müharibə dövründə nüvə silahı və mexaniki silahların qarşısının alınması müzakirələrində ortaya çıxan iki nəzəriyyə bugünkü kiber silahlar barədə müzakirələrə də aid edilə bilər. Bunlardan birinci “Qarşılıqlı Dağıntı” nəzəriyyəsidir. Bu nəzəriyyədə, hər iki tərəf sağ qalmaq ümidiylə hücum edir, lakin dağıntının fəsadları heç bir tərəfin üstünlük qazanmasına imkan vermir. Digər nəzəriyyə isə “Eskalasiyanın İdarəolunması”dır ki, burada rasional aktorlar xüsusi silahlar və vasitələrdən istifadə zamanı elə etməyə çalışırlar ki, qarşı tərəfin qazancı mümkün qədər az olsun. Əsas ideya odur ki, əgər müharibədə qazanılanlar itirənlərdən çoxdursa, bu müharibəyə dəyər.
Bəs bu nəzəriyyələri kiber müharibəyə necə aid etmək olar? “Qarşılıqlı Dağıntı” nüvə silahları ilə bağlı nəzərdə tutulsa da, eyni fərziyyələr, lakin müxtəlif hədəflərin olduğu kiber müharibəyə tərcümə edilə bilər. Düşmən dövlətin informasiya infrastrukturlarını dağıtmağa çalışan dövlət əks-hücumla üzləşə bilər və belə olan halda hər iki tərəf ziyan çəkmiş olar. Burada fərqləndirici cəhət odur ki, kiber hücumların təşkil edilməsi çətindir və onun nəticələrindən 100% əmin olmaq olmur.
“Eskalasiyanın İdarəolunması” nəzəriyyəsi isə kiber müharibəyə daha asanlıqla tətbiq edilə bilir. “Qarşılıqlı Dağıntı”dan fərqli olaraq “Eskalasiyanın İdarəolunması”nda həm hücum (düşmənə dağıntı və ziyan törətmək), həm də müdafiə (düşmənin törədə biləcəyi dağıntını məhdudlaşdırmaqla onun qazancını azaltmaq) aspektləri mövcuddur. 1960-cı illər ABŞ Strateji Hava Komandanlığında general Poverin komandanlıq etdiyi vaxtlarda ““Eskalasiyanın İdarəedilməsi” ən az bəyənilən nəzəriyyələrdən biri idi. Lakin Pover onun tətbiqetmə üçün uyğun olduğunu, strateji üstünlük və müharibə meydanını idarə etmək bacarıqlarını qazandırdığını müdafiə edirdi.
Müharibə meydanının idarəedilməsi konsepsiyasını kiber müharibələrə aid etmək bir qədər çətindir. Çünki şəbəkələr dövlət və özəl sektorlar tərəfindən idarə edilir, potensial hədəflər bankçılıq, insfrastrukturlar, həyat tərzi kimi qeyri-hərbi sektorlarda ola bilir. Kiber hücumlar hərbi hədəflərin ötəsinə keçib mülki hədəflərə yönələndə artıq “mülki qüvvələr” (proqramçılar, hakerlər və s.) konsepsiyası da ortaya çıxır. Buna görə də, 21-ci əsrin ən vacib tələblərindən biri müdafiə sahəsində dövlət səylərini və özəl sektor səylərini birləşdirməkdir.
Mənbələr:
1. Brent David Ziarnick (ed), 21st Century Power: Strategic Superiority for the Modern Era (Annapolis, MD: Naval Institute Press, 2018), 19.
2. Emily Tamkin, "Ukraine Hit by Massive Cyberattack," Foreign Policy, June 27, 2017, accessed January 19, 2019, https://foreignpolicy.com/2017/06/27/ukraine-hit-by-massive-cyber-attack/
Sevinc Əliyeva
Ordu.az