Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin 14 mart tarixində çənə nahiyəsində aldığı ölümcül odlu silah yarasında ölən müddətli xidmət hərbi qulluqçusu Kamo Martirosyanın anası Lalə Nazaryan əmindir ki, oğlunu intihar həddinə çatdırmayıblar, öldürüblər.
Ölən hərbi qulluqçunun anası meyitin şəklini çəkib. Həmin şəkildən aydın olur ki, sifət, əl nahiyələrində zərbə izləri var. Anası iddia edir ki, oğlu avtomatik atəş vəziyyətində çənə nahiyəsinə bir atəş açılmaqla öldürülüb. Hadisənin necə və niyə baş verdiyi barədə heç bir məlumat verilməyib. Anasının sözlərinə görə, cinayət işində 5 müttəhim var və bunlardan heç biri həbs edilməyib. Onların həbs olunmamasına səbəb isə aprel döyüşləri göstərilirdi. Lakin hadisə mart ayında müharibə isə aprel ayında baş verib.
“Məgər onlar müharibə olacağı barədə məlumatlı idilər? Əsgər yoldaşını öldürən şəxs necə vətən müdafiəçisi ola bilər. Burda 100% burda öldürmə faktı baş verib”, - deyə anası bildirib.
Ölümə səbəb mübahisə olub və bu mübahisə martın 12-dən başlayıb. Mübahisəyə səbəb isə, ölən oğlunun döyüş postunda yatması olub. Oğlunun 1,5 il xidmət etdiyi və heç zaman problemi olmadığını iddia edib. Ölümdən sonra insanın üzərinə hər şey yükləmək olar.
Əsgərin anası Lalə Nazaryan tələb edib ki, övladını öldürən hər bir şəxs məhkəmə qarşısında cavab versin. Hadisənin baş vermə müddətinin xeyli keçməsi ilə əlaqədar olaraq 2 nəfəri məsuliyyətdən azad etmək istəyirlər. Hadisə baş verən ilk gündən nə post başçısı, nə onun köməkçisi, yaxud orda olan 3 hərbi qulluqçu müddətli əsgər həbs edilməyib.
Anası iddia edir ki, oğlu yaxşı xidmət etdiyinə görə “Zinuj” hərbi verilişinə də çəkilib. O bildirib ki, əgər ölkədə ədalət bərqarar olmağa başlayıbsa, oğlunun cinayət işinin araşdırılması da ədalətli olmalıdır.
Zərərçəkənin hüquqlarını müdafiə edən vəkil Armen Hayrapetyanın sözlərinə görə, müttəhimlərdən 2 nəfər Nasled Baqratuni və Hayk Qaribyana qarşı cinayət işinə xitam verilib. Onun fikrincə, azadlıqda olan bütün 5 müttəhim izləri silmək üçün istənilən fəaliyyəti həyata keçirə bilərlər. Şahidlərə təzyiq göstərməklə istintaq araşdırmasını azdırmağa nail ola bilərlər. Vəkil bildirib ki, öldürmə hadisəsinin baş verdiyinə əmindir və indi də korrupsiya faktlarının mövcud olması istisna edilmir. O qeyd edib ki, müttəhimlər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyib.
Alpər Mövludoğlu
Ordu.az