Bu barədə rusiyalı politoloq Stanislav Tarasov erməni mətbuatına verdiyi müsahibəsində bildirib. Tarasov kifayət qədər ciddi analitikdir. Onun keçdiyi müəyyən yol və elmi siyasi dairələrdə çəkisi var. Əgər o, belə bir şey deyirsə, deməli nə isə var. Maraqlıdır bəlkə Tarasov rus tərəfinin informasiya sızıntısına əl atır? Tarasovun dediklərini müqayisə edərsək belə bir nəticə əldə etmək olar:
- Qarşıdakı iyun ayında Azərbaycan və Ermənistan arasında müqavilə imzalanacaq.
- Erməni tərəfi bir neçə rayonu qaytaracaq.
- İşğal altında olan ərazilərin qaytarılması erməni-türk protokollarının canlanmasına səbəb olacaq.
Nəzəri cəhətdən əlbəttə bütün bunlar mümkündür. Lakin bir məsələ var ki, Ermənistanda hər hansı bir hakimiyyət, bu inqilabçı hakimiyyət olsa belə, əgər Qarabağ məsələsi üzərində hər hansı bir irəliləyiş və bu çərçivədə kiçik bir nöqsan edərsə, bu hakimiyyətdə oturan rəhbər heyətin güllələnməsinə belə səbəb ola bilər. Erməni parlamentində güllələnmə hadisəsi hələ yaddaşlardan silinməyib...
Burada belə bir məsələ ortaya çıxır. Məgər Paşinyan belə bir riskə əl atacaq? Paşinyanın may ayından etibarən Qarabağ məsələsində apardığı siyasətə diqqət yetirsək görərik ki, o hər bir halda şəxsi məsuliyyətdən yayınır. Bu danışıqlar aparılması, qərarlar qəbul edilməsi və başqa sahələrdə də özünü büruzə verir. Bütün bunları nəzərə alaraq, indiyədək şəxsi məsuliyyətdən yayınan Paşinyanın məsuliyyəti təmamilə öz üzərinə götürərək, birdən-birə torpaqların qaytarılması ilə bağlı müqavilə imzalanması üçün masa arxasında oturacağına inanmaq çətindir. Yalnız bir variant qalır.
O təxribatlara əl atacaq, təxribatlar isə belə desək lokal müharibə səviyyəsində hərbi toqquşma ilə nəticələnə bilər. Başqa sözlə desək, Qarabağ cəbhəsində hərbi toqquşma işarələri hələ də mövcuddur.
Lakin digər bir məsələ Paşinyanın İlham Əliyevlə görüşündən demək olar ki, dərhal sonra Moskva səfəri qabağı belə bir informasiya sızıdırılır. Kreml nəyi başa salmaq istəyir? Maraqlı olan məhz bu məsələdir. Keçən il may ayından başlayaraq, Qarabağ danışıqlar prosesində maraqlı məqamlar baş verir. Ənənəvi olaraq ATƏT-in Minsk Qrupu sədrliyi vasitəçilik missiyası ilə yanaşı, həmçinin Azərbaycan və Ermənistan rəhbərləri arasında birbaşa danışıqlara start verib. ATƏT-in Minsk qrupunun 3 həmsədri demək olar ki, simvolik təyinat statusu əldə edib və yalnız bu mandatı qoruyub saxlamağa çalışmaqla yeni mandat əldə etmək istəyir. Bu isə, belə bir qarışıq vəziyyətdə riskli və əlavə zaman itkisinə səbəb ola bilər.
Hazırda Paşinyan Moskvada səfərdədir. Ehtimal olunur ki, Moskvada Paşinyanla İlham Əliyev arasındakı Davos görüşünün nəticələri aydınlaşdırılacaq və Düşənbə danışıqları ilə uyğunluğu nəzərdən keçiriləcək. Yaxud Paşinyanın amerikalılarla oyun oynamaq qərarına gəlib gəlmədiyi müəyyən ediləcək və ənənəvi olaraq rusların təsir zonası olan Qafqazda Kremlin nüfuzunun silkələnib silkələnmədiyi aydınlaşdırılacaq. Bütün bunlarla yanaşı həddindən artıq yaxşı məlumatlı olan Tarasov vasitəsilə informasiya sızıntısı həyata keçirilir. Bu, həmçinin ictimai əhval-ruhiyyə üçün kifayət qədər yaxşı indiqator ola bilər.
Şahin Qocayev
Ordu.az