Ukrayna SQ BQ rəisinin sabiq müavini: ""Olxa" YARS Azərbaycanı maraqlandıracaq" (VİDEO)
Oxunub: 18184
10:43
21 Yanvar 2019
"Bu ilin əvvəlindən Ukraynada istehsalı başlayan "Olxa" Yaylım Atəşli Reaktiv Sistemi (YARS), gələcəyin yüksək dəqiqlikli silahıdır. "Olxa"nın fərqli xüsusiyyəti onun üçün xüsusi olaraq yaradılan idarəolunan raketə malik olmasındadır. Təbii ki, "Olxa" xüsusən də kütləvi istehsalın yaradılmasından sonra Azərbaycanı maraqlandıracaq".
Bu barədə Ordu.az-a ukraynalı hərbi ekspert, ehtiyatda olan general-leytenant, hərb elmləri namizədi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini İqor Romanenko bəyan edib.
Onun sözlərinə görə, "Olxa" YARS "Smerç" sisteminin 300 mm-lik idarəolunan 9A52 raketlərindən istifadə edə bilir.
"Bir zamanlar Ukrayna Azərbaycana çox sayda silah və texnika, o cümlədən "Smerç" YARS satıb və bu sistemlər hazırda Azərbaycan Ordusunun silahlanmasındadır. "Olxa" əvvəlki "Smerç"dən daha güclüdür. "Olxa" ilə bərabər Sovet istehsalı olan zenit raket sistemlərinin modernləşdirilməsində Ukrayna təcrübəsi də Bakının marağını cəlb edə bilər", - deyə Romanenko bildirib.