Erməni hərbçidən Paşinyana etiraz: “Apreldə fiziki, indi isə mənəvi baxımdan yaralanmışam”

2019/01/edik--1547640155.jpg
Oxunub: 27423     16:00     16 Yanvar 2019    
İşğal altında olan Madagiz yaşayış məntəqəsindəki 33651 nömrəli hərbi hissədə qulluq etmiş və aprelin 4-də Talış yaşayış məntəqəsində yaralanmış erməni hərbi qulluqçu Edik Martirosyan mövcud Paşinyan hakimiyyəti tərəfindən ona heç bir diqqət göstərilmədiyini deyir. Aprel döyüşlərinə görə bir sıra mükafatlar alan Edik Martirosyan həyat yoldaşı Leyla Kirakosyanla Yeğeqnadzor şəhərində kirayə yaşayır və səhhətində problem olmasına baxmayaraq hərbi hissədə işləyir.

Ordu.az xəbər verir ki, o, “Aravot.am” saytına verdiyi müsahibədə bildirib ki, bir sıra problemləri olsa da, bu illər ərzində ona heç kim heç bir köməklik göstərməyib.

Paşinyan hökuməti tərəfindən heç bir məsələdə ona yardım edilmədyini bildirən Martirosyan, qeydiyyatda olduğu rayon rəhbərliyindən də heç bir köməklik almadığını qeyd edib. Yeni ailə quran aprel döyüşləri iştirakçısının sosial-məişət şəraitinin olduqca ağır olduğu qeyd edilir. O, adına bir çox kreditlər olduğunu və ödənişli təhsil aldığını vurğulayıb. O, bir az daha rahat iş tapması üçün dövlət qurumlarına dəfələrlə müraciət etdiyini, lakin heç bir köməklik göstərilmədiyini qeyd edib.

Döyüşlər zamanı sifəti, qolları və hər iki ayağından qəlpə yarası aldığı məlum olub. Hərbi hospitalda 3 ay fasiləsiz müalicə olunub. Dəfələrlə cərrahiyyə əməliyyatları edilsə də, bədənin müxtəlif nahiyyələrində çoxsaylı qəlpələr qaldığını, lakin müalicə və əməliyyat üçün maddi durumunun yol vermədiyini qeyd edib.

O, problemləri ilə bağlı bir sıra fondlara, o cümlədən Ermənistan Baş naziri Nikol Paşinyana yazılı müraciət etdiyini, lakin cavab məktubunda heç bir yardım edilə bilməyəcəyinin qeyd edildiyini vurğulayıb.

O, hamıdan ümidini kəsdiyini və illər ötdükcə insanların onları unutduqlarını təəssüflə qeyd edir. Onun kimi bir çox yaralı dostlarının eyni aqibəti yaşadığını, o cümlədən yaxın dostu olan Vaçaqan Bağdasaryanın valideynlərinin öz hesablarına övladlarını Fransada müalicə və əməliyyat etdirdiklərini bildirib. Onun da dövlətdən heç bir yardım ala bilmədiyini qeyd edib.

Edik Martirosyan yaxşı işlə təmin ediməsini və təhsil haqqında güzəşt olunmasını tələb edir. O, bundan sonra 10 dəfə də əməliyyat olunsa, belə mənəvi yaralarının müalicə edilməyəcəyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Etiraz  


Bizi "telegram"da izləyin