Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, təlimlərin bu hissəsində helikopterlər və Xüsusi Təyinatlı Qüvvələr birlikdə əməliyyat aparıb.
Təlimin ssenarisinə görə, terrorçu liderin karqo nəqliyyatında olmasına dair kəşfiyyat məlumatı əldə edildikdən sonra o, F-16 qırıcısı və ATAK helikopteri tərəfindən zərərsizləşdirilir. Daha öncə bölgəyə daxil olmuş qabaqcıl döyüş nəzarət komandaları F-16 ilə kontakta girir və körpüləri nəzarətə götürərək terrorçuların keçməsini əngəlləyir.
Həmin anda ATAK helikopteri ilə nəqliyyat vasitəsi sıradan çıxarılır. Eyni zamanda F-16 terrorçuların havadan müdafiə sistemlərini aktivləşdirə bilməyəcəyindən əmin olmaq üçün lazımı tədbirlər görür. Hədəf alınan terrorçu zərərsizləşdirildikdən sonra Xüsusi Təyinatlı Qüvvələr onun kimliyini müəyyənləşdirmək üçün bədənindən DNA nümunəsi götürürlər.
Ötən həftənin bazar günü başlayan “Anadolu Zümrüdü 2018” hərbi təlimləri Türkiyənin Konya şəhərində həyata keçirilir. Təlimlərə Türkiyə ilə yanaşı Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Şimali Kiprdən hərbi qüvvələr qatılıb.
2009-cü ildən etibarən ənənəvi olaraq keçirilən təlimlərin proqramına görə, o, 61 saat gündüz, 40 saat gecə vaxtı davam edəcək. Əlavə olaraq döyüş təyyarələri 101 əməliyyat keçirəcək.
Əməliyyatda Türkiyənin Şimali İraq və Suriyada əldə etdiyi təcrübələrindən böyük ölçüdə istifadə edilir. “Terrorçu liderin ovlanması” isə bu təlimlərin ən çox diqqət cəlb edən hissəsi olub. Onu, aralarında Birləşmiş Ştatlar da olmaqla 50-dən çox ölkə izləyir.
Ağalar Ağalarlı
Ordu.az