Avropa və ABŞ: NATO zirvəsi üçün hansı sürprizlər gözlənilir? – ANALİZ

2018/07/345345_1530529622.jpg
Oxunub: 2033     18:58     02 İyul 2018    
NATO ölkə rəhbərlərinin iyulun 11-də planlaşdırılan görüşü ərəfəsində, ekspertlər Şimali Atlantika Alyansının gələcəyini proqnozlaşdırmağa başlayıb. Onlardan bəziləri "yağ içində üzən Avropanın mifik təhlükələrdən qorunmasının həddən artıq xərclərə səbəb olduğunu" bəhanə edən ABŞ prezidentinin blokun ləğv edilməsinə səbəb ola biləcək addımlar ata biləcəyini ehtimal edirlər. Belə bir ssenarinin həyata keçməsi hələlik real görünmür, lakin NATO bloku çərçivəsində, ABŞ və Avropa geosiyasi qarşıdurmasının səbəb olduğu sistemli bir böhran mövcuddur.

Donald Tramp məbləği artırır

Ekspert icmasında bu qarşıdurmanın səbəbi kimi, ABŞ prezidenti Trampun şəxsiyyətini və onun xarici siyasətinin xüsusiyyətlərini göstərirlər. Bu iki anlayış vəziyyəti çox sadələşdirir. Tramp, bəlkə də yığılan problemlər haqqında açıq fikir yürüdən ilk prezident kimi görüntü də yarada bilib.

Köhnə Dünyada bir nəslin gözü önündə yeni bir dövlətlərarası birləşmə - Avropa İttifaqı yarandı. Hələ də bu proses davam edir. Lakin son zamanlarda milli müdafiə qurumlarından üstün hərbi birliklərin yaranması, onların inkişafı, investisiya, maliyyə və digər strukturlarının formalaşması prosesi irəliyə getmir, layihələr yerində sayır. Buradakı problemin kökündə duran əsas məsələ, Avropa İttifaqının suverenliyinin, Amerika Birləşmiş Ştatlarının aparıcı rola malik olduğu Şimali Atlantika Alyansının hərbi-siyasi ambisiyaları və inzibati təsir vasitələri ilə məhdudlaşdırılmasından ibarətdir.

Digər tərəfdən, ABŞ-ın özünün də iqtisadi imkanlarını nisbətən itirib. Sözdə "soyuq müharibə" illərində onların iqtisadiyyatı dünyanın 40% -ni təşkil edirdisə, indi ABŞ-ın ÜDM-i qlobal səviyyənin 15-17%-ni təşkil edir.

Trampın ABŞ-ın xərclərini diqqətlə nəzərdən keçirməsi və birgə proqramların, ilk növbədə, müdafiə xərclərinin bölüşdürülməsini tərəfdaşlarından tələb etməsi də təsadüf deyil. Məlum olduğu kimi Tramp Avropalılar üçün şərt qoyub: ölkələrin NATO büdcəsinə maliyyə dəstəyini üzv ölkənin ÜDM-nin 2%-nə qədər artırmalıdır. Bu isə böyük bir məbləğ deməkdir. Məsələn, Almaniya üçün bu 1,7 dəfə artım, yəni 70 milyard ABŞ dolları deməkdir. Bu rəqəm Almaniya Federal Respublikasının mövcud büdcəsindən bütün investisiya proqramlarına ayırdığı vəsaitdən bir dəfə yarım çoxdur. Merkel açıqlanan məbləği dəyərləndirərək müzakirələrə başlayıb və yalnız 2024-ci ilə hədəflənən rəqəmə çata biləcəklərini vəd edib.

Donald Tramp isə israrla NATO xərclərinin artırılmasını təklif edir. May ayında NATO-nun baş katibi Yens Stoltenberq ilə Vaşinqtonda keçirilən görüşdə o deyib: "Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2%-ə çatdırmasını gözləyirik. Əslində 2% də çox azdır, bu 4% olmalıdır".

Yeni tələblər Avropalıları çox narahat edir. Müdafiə üçün daha böyük miqdarda pul ödəyəcəkləri ortaya çıxır, lakin bu vəsaitlərə amerikalılar nəzarət etməyə davam edəcəklər. Brüsseldə yenidən öz silahlı qüvvələrinin yaradılmasından bəhs edirlər. Bu mövzu barədə bəyanatlar Avropa Komissiyasının sədri Jan Klod Yunker, Almaniya kansleri Anqela Merkel, xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropa komissarı Federika Moqerini tərəfindən də səsləndirilib.

Bundan başqa, rəsmilər NATO-nun maliyyələşdirilməsinin dayandırılmasını da təklif ediblər. Doğrudur, bu mövzunu əsasən ABŞ-ın İranla əldə edilən "nüvə razılaşmasından" çıxması ilə əlaqəndirirlər.

Mübahisə edən mütəxəssislər nə deyir?

Bu mübahisələr əsassız deyil. Çünki bəzi avropalıların ağılında NATO matrisası hələ də möhkəmdir. Yadımızdadır ki, vaxtilə NATO silahlı və texnikalı 700 min hərbi qulluqçunu "həyəcan" siqnalı ilə qaldıraraq iki günə Şimali Atlantika blokunun Varşava Paktı ölkələri ilə sərhəddə sabit müdafiə xətti yarada bilidi.

İndi İttifaqın hərbi gücü nisbətən ixtisar olunub, lakin "müdafiə təyinatlı NATO" stereotipi siyasətçilərin ağılında hələ də qalmaqdadır. Buna ABŞ-ın şərqi avropalılarla xüsusi əlaqələri də əlavə olunduqda, bu gün Aİ-nin öz silahlı qüvvələrinin yaradılması ilə bağlı razılıq əldə edə bilməməsini səbəbləri aydın olur.

Bu günə bəzi Aİ liderləri Avropa ilə əlaqəli məsələlərdə öz təkliflərinə ABŞ-ın İranla çoxtərəfli razılaşmadan çıxması ilə siyasi zəmin yaradırlar. Lakin müzakirələrlə iş bitmir. Az da olsa hədəfə doğru hərəkət başlayıb.

İyunun sonlarında doqquz NATO üzvü olan Avropa ölkəsinin (Belçika, Almaniya, Böyük Britaniya, Danimarka, İspaniya, Hollandiya, Portuqaliya, Fransa və Estoniya) müdafiə nazirləri Lüksemburq görüşündə Avropa çevik hərəkət qüvvələrinin yaradılmasına dair saziş imzaladı. Bu təşəbbüsün əhəmiyyətli bir xüsusiyyəti, yeni strukturun Şimali Atlantika blokunun hərbi sistemindən ayrı olaraq fəaliyyət göstərməsindən ibarətdir.

Bəzi ekspertlər etiraf etdilər ki, artıq yeni bir Avropa ordusunun ilk komponentinin yaradılması faktiki olaraq baş verib.

Digərləri isə bu razılaşmanın iyulda keçiriləcək NATO zirvə toplantısında ABŞ-ın Alyans xərclərininin artırılmasına qarşı əks-arqument və ya siyasi "kozır" kimi istifadə ediləcəyini ehtimal edirlər. Aİ-nin müxtəlif imkanlara malik ölkələrə bölünməsinə baxmayaraq, bütün üzvlərin konsensus mövqe əldə etməsi qaydalarına ciddi riayət olunur. Doqquz ölkə həlledici qərar verə bilmir.

Keçən həftənin sonunda Almaniyanın "Focus Online" jurnalında dərc edilən bir məqaləyə görə, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın müdafiə naziri Ursula von der Lyayen, ABŞ prezidenti Donald Trampa müqavimət göstərmək üçün yeni bir hərbi ittifaq yaratmaq qərarına gəliblər. Beləliklə, avropalıların da qarşılıqlı təzyiqi artır.

Ekspertlər mübahisə edir, siyasətçilər öz intriqalarını tərtib edir, ABŞ isə NATO sammitinə sürprizlər hazırlayır. Cümə günü, Nyu-Cersiyə gedən prezident "Air Force One" təyyarəsində jurnalistlərlə söhbət edən Donald Tramp, yenidən avropalıları NATO-ya maliyyə dəstəyini artırmaq təklifini xatırladıb.

"Almaniya daha çox vəsait köçürməlidir" deyə Tramp prezidentin mətbuat xidmətinə bəyanat verib. O, buna bənzər tələblərin Fransa və İspaniyaya da tətbiq olunmasının vacibliyini də əlavə edib. Mövzunun inkişafı olaraq növbəti gün "The Washington Post" qəzeti Pentaqonun Almaniyadan əsgərlərin tam və ya qismən çıxarılması ehtimalını nəzərdən keçirdiyini bildirdi.

Qəzet yazır ki, artıq Almaniyada yerləşdirilən ABŞ qoşunlarının saxlanılması və onların geri çəkilməsi xərclərinin təhlili başa çatıb. Pentaqon hadisələrin inkişafı üçün iki variant nəzərdən keçirir: hərbi hissələrin ABŞ-a qaytarılması və ya Polşaya köçürülməsi.

"The Washington Post"un mənbələrinə görə, bu təşəbbüsün təşəbbüskarı, Trampın özüdür. Hərbi məsləhətçiləri ilə görüşdə "ABŞ əsgərlərinin Almaniyadakı miqyasını" qəbul etmədiyini açıqlayan Tramp almanların NATO-nun ehtiyacları üçün vəsait ayırmadığı halda, AFR-in özündə 35 min ABŞ hərbi qulluqçusunun xidməti etməsinə yenidən baxılmalı olduğunu vurğulayıb.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Paxon isə qəzetin təfərrüatlar barədə sorğusuna qoşunların çıxarılmasına dair planların mövcudluğunu rədd etməklə cavab verib. Onun sözlərinə görə, Pentaqon gündəlik tədbirlərlə məşğuldur. Bu cür analizlər mütəmadi olaraq aparılır. Lakin bu deyilən kimi olsa belə, NATO sammiti ərəfəsində ictimai məkana bu tip məlumatların sızdırılması Avropa liderlərinə təzyiq kimi də dəyərləndirilə bilər.

Bu təzyiqlər isə, "Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarından istifadə etmək və bizi vəsaitləri çəkib çıxartmaq üçün yaradılıb" və ya "NATO da NAFTA kimi pisdir" (Şimali Amerikada Azad Ticarət Sazişidir, hazırda ABŞ, Kanada və Meksika arasındakı böyük bir mübahisələr davam edir) kimi bəyanatların Trampın ritorik ruhuna tamamilə uyğun gəlir.

Beləliklə Brüsseldə NATO liderlərinin görüşündən iki həftə əvvəl tərəflər "informasiya zərbələri" ilə bir-birini sınadılar. Aydındır ki, bu zərbələr sonuncu deyil. Vəsaitlərin qarşılıqlı artması barədə xəbərləri gözləmək ehtimal olunur. Bu vəziyyət Şimali Atlantika İttifaqının varlığını təhdid edirmi? Əlbəttə ki, yox. Lakin ABŞ-ın Alyansa təsir gücünün zəifləməsi fonunda NATO blokunda mövcud qüvvələrin yenidən bölüşdürülməsi mümkündür…

Yazı Gennadi Qranovskinin analizləri əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Tramp  


Bizi "telegram"da izləyin