"Fərat"dan "Kandil"ə: Türkiyə tarixi qələbənin bir addımlığında – HƏRBİ EKSPERT (ANALİZ)

2018/06/1_1528290932.jpg
Oxunub: 2185     21:17     06 İyun 2018    
2016-cı ilin avqustunda "Fərat Qalxanı" əməliyyatında Afrinə daxil olmaq Türkiyənin bütün əməliyyat planlarında öz əksini tapırdı və prezident tərəfindən təsdiq edildiyi məlum idi. Ancaq Afrinə girmək üçün şərq tərəfdən, Tel-Rıfatdan keçmək lazım idi. Rusiya əsgərlərini oraya yerləşdirməklə, TSQ-nİn Afrinə daxil olmasına maneəçilik törədirdi. Digər tərəfdən isə ABŞ-ın o vaxtkı prezidenti Obama, türkiyəli həmkarına bəzi zəmanətlər verərək, onları Suriyadan geri çəkilməyə razı sala bildi. Obamanı əvəz edən Tramp administrasiyası isə tam tərsinə olaraq 30000 PKK/YPG yaraqlısını silahla təmin etdiklərini, onlara texnika, silah və sursat verdiklərini, təlim keçdiklərini gizlətmədi. Bu isə "Zeytun Budağı" əməliyyatının başlanmasına səbəb oldu.

PKK/YPG, xüsusi hərbi təlim alan terrorçulara, zirehli vasitələrə və ağır silahlara malik idi. Terrorçuların tank əleyhinə idarəolunan raket sistemləri, əl bombaları, 120 metrlik minaatanları, PUA-ları, uzaq məsafəli rabitə vasitələri mövcud idi. Təşkilat, yeni texnika və texnologiyaları ABŞ, Avropa və s. ölkələrdən əldə edərək, daha mütəşəkkil müharibə aparmağa çalışırdı. Başqa sözlə, TSQ-ni "Zeytun Budağı" əməliyyatı çərçivəsində elmli və daha təchizatlı terrorçularla savaş gözləyirdi. TSQ qurudan və havadan endirdiyi zərbələrlə bu təhlükəli terrorçuları aradan qaldırdı. Bu əməliyyatın ən vacib xüsusiyyəti, İŞİD-ə qalib gələn daha üstün terror qruplaşmasını məhv etmək missiyasinın türk əsgərinə qismət olması idi.

"Afrin əməliyyatı"ndan "Kandil"ə keçid

Afrindən sonra Türkiyənin növbəti hədəfinin Münbic kantonu olduğu açıqlandı. Uzun sürən ABŞ-Türkiyə danışıqları nisbətən Ankaranı qane edəcək istiqamətə yönəldi. Çoxdan gözlənilən F-35 qırıcı məsələsi tam həll edilib, Münbicdən PKK/YPG-nin geri çəkilməsi məsələsi başlanıb, S- 400 ZRK-ların alınması isə ABŞ-ın "alnını qırışdıraraq" göz yummasına səbəb olub. "Kandil əməliyyatı"na dəstək verilməsi ilə bağlı sürpriz qərar isə Türkiyə XİN-in qələbəsi hesab edilir.


Bu 3 əməliyyatın son məqsədi "Kürd dəhlizi"nin Aralıq dənizinə qədər uzanması ideyasını beşiyində boğmaqdır.

Türkiyə Afrini, Münbici də PKK və YPG terrorçularından təmizləsə belə, bu əməliyyatlar nisbətən işə yarayacaq. Çünki problemlər kökundən həll edilə bilməz. Problemin kökundən həlli üçün Türkiyə, İran və İraq ilə qarşılıqlı əlaqədə Kandilə qədər irəlləməli, PKK/YPG bazalarını və infrastrukturunu tamamilə ələ keçirməli, həmin ərazilərdə nəzarəti təmin etməlidir. Əvvəlcə İraq, sonra isə İran rəhbərliyi "Kandil əməliyyatı"na yaşıl işıq yandırdılar. ABŞ-ın isə rəsmən açıqlamasa da, son günlərdə əməliyyata etiraz etməməsi əməliyyatın effektivliyini artıracaq. Əslində İranın da daxil olduğu şərti koalisiyanın ABŞ tərəfindən dəstəklənəcəyi inandırıcı deyildi. Rusiya isə son 2 ildə istəniən halda Türkiyənin yanındadır. Həm qonşu, həm də dünya nəhənglərinin dəstəklədiyi "Kandil əməliyyatı", PKK/YPG terror qruplaşmasına ciddi zərbə vurmaq üçün ideal şərtlər daxilində reallaşdırılır. Son illər regionda dayanmadan uğurlu əməliyyatlara imza atan TSQ-nin "Kandil əməliyyatı"nda qələbə çalacağı şübhəsizdir.

Şimali İraqda 27 kilometr dərinliyə irəlləyən TSQ, PKK-nın Türkiyəyə keçmək üçün istifadə etdiyi və sərhəd xəttinin dərinliklərində yerləşən, Hakurk, Bermize, Kalereş və Sideka bölgələrini əhatə edən və bölgənin ən çətin fiziki şərtlərinə malik olan Bradost bölgəsinə nəzarəti tamamilə ələ keçirib. Bradost bölgəsi, Şəmdinli istiqamətindən Hakkari, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan və Ermənistana qədər uzanan keçid xətti kimi terrorçular tərəfindən aktiv istifadə edilirdi. Zonaya nəzarətin ələ keçirilməsi, bu istiqamətdə PKK/YPG terroçularının Ermənistanla əlaqələrinin kəsilməsinə imkan verdi. Bu istiqamətdə, yəni Bradost bölgəsinə daxil olan Hakurk, Bermize, Kalereş və Sideka kimi geniş bir sahədə 2 aydır davam edən əməliyyatlar nəticəsində PKK-nın 14 rəhbər üzvünün bölgəni tərk etdiyi məlum olub. Bölgədəki mənbələr, Afrin əməliyyatı zamanı Türkiyəyə keçməyə hazırlaşan 2 minə yaxın terrorçunun ərazini keçə bilmədiyi üçün Kandilə geri döndüyünü xəbər verir.

Terror təşkilatı ilə əlaqəsi olan yerli mənbələrin son zamanlar PKK-nın Bradost bölgəsində çox itki verdiyini ifadə edən məlumatında belə deyilir: "Coğrafiya çox çətin və mürəkkəbdir. Baza tam boşalıb. Türkiyəyə keçid üçün istifadə edilən əsas əhəmiyyətli baza olan Hakurk Düşərgəsi Türkiyənin nəzarətindədir. Hazırda bölgədə olan PKK/YPG üzvləri Kandilə qayıdıblar. Kiçik qrupların da Türkiyəyə keçmək cəhdləri uğursuz alınıb".


Bradost-Sideka bölgəsində TSQ Kandilin giriş qapısı hesab edilən kritik Barazgir vadisinə qədər irəlləyib. Ekspertlər Barazgir vadisinin çox böyük əhəmiyyətə sahib olduğunu və bu vadinin girişlərinin tutulmasından sonra PKK-nın şimal istiqamətində həyata keçirdiyi terror fəaliyyətlərinin böyük hissəsinə ciddi maneə törədiləcəyi fikirindədirlər. Xəritələrdə TSQ-nin yerləşməsi və əməliyyat vəziyyəti ilə tanış olduqdan sonra, Türkiyə Ordusunun bölmələrinin Bradost bölgəsindəki fəaliyyətlərini tamamladıqdan dərhal sonra Barazgirdə canlı qüvvələrini və maddi texniki ehtiyatlarını cəmləşdirəcəyi qənaətinə gəlmək mümkündür. Əsas zərbə Barazgir-Kandil istiqamətində endiriləcək. Əməliyyatın idarə edilməsi Barazgirdə yerləşən komanda məntəqəsindən həyata keçiriləcək. Bu əməliyyat əvvəlkilərdən köklü şəkildə fərqlənəcək. Mülki əhalinin dağlarda olmaması və yaxın ərazilərdə yaşayanların təxliyyə edilməsi aviasiya və artilleriyanın sərbəst fəaliyyət göstərməsinə imkan verəcək. Hesab edirəm ki, bu əməliyyatlarda TSQ yerli istehsal nüfüzedici vakuum bombalarından geniş istifadə edəcək.

Niyə Bradost və Barazgir?

Bradost və Barazgir bölgələri, terror təşkilatı üçün strateji əhəmiyyətə malikdir. Bradost bölgəsi Türkiyəyə keçmək üçün, Barazgir vadisi isə Kandilin İraqın şimalındakı Sincar ərazisinə keçmək üçün lojistik mərkəz kimi istifadə edilirdi.

Bradostun nəzarət altına alınmasıyla "şimal keçid" xətti bağlandı, Kandilə açılan Barazgir vadisinə nəzarət təmin edildiyi təqdirdə isə Sincara və Suriyaya keçid xətti bağlanacaq. "Kandil əməliyyatı" ilə bağlı türkiyəli həmkarı ilə 4 görüş reallaşdırılan İran Baş Qərargah Rəisi bu əməliyyata ciddi dəstək verəcəyini və Kandilin İran sərhəd xətti içində yerləşən kəndlərinin mülki əhalidən tam boşaldılacağını bəyan edib. Bölgəyə hərbi qüvvə və texnika toplayan İran TSQ-yə əməliyyat çərçivəsində tam dəstək verəcək.


"Kandil əməliyyatı" əslində "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatlarının məntiqi davamı olaraq həyata keçiriləcək. TSQ Kandil və digər ərazilərdə yerləşən PKK bazalarını daim artilleriya və aviasiyadan atəş altında saxlayıb. Razılaşaq ki, metrlərlə yerin altında gizlənən terrorçunu aviasiya və ya ağır topla ovlamaq ciddi effekt verə biləcək metod deyil. Digər ərazilərdə PKK və YPG-ni sıxışdırmadan, "yuxusuna haram qatmadan", qonşu və digər maraqlı supergüclərlə şərtləri razılaşdırmadan aparılan əməliyyatlar çox vaxt hansısa nöqtədə dirənir və ya ən azından PKK havadarlarının təzyiqlərinə məruz qalır.

2018-ci ilin yanvarın 7-dən adıçəkilən mühütin formalaşdırılması üçün bəyanatdan əməli aktiv fazaya keçid üçün düyməyə basılıb. Əməliyyatın keçirilməsinə aid qərar isə daha əvvəl, 2017-ci ilin noyabrın 27-də Milli Təhlükəsizlik Şurasında qəbul edilib. Türkiyənin Baş naziri Binali Yıldırım Bağdad səfəri çərçivəsində İraqın Baş naziri İbadi ilə "Kandil əməliyyatı"nı müzakirə edib. Bu səfərdə Baş naziri Baş Qərargah Rəisi Hulusi Akar və MİT rəhbəri Hakan Fidan da müşayiət edirdi.

"Arxa qapı" diplomatiyası nəticə verir, Bağdad rəhbərliyi əməliyyat üçün "yaşıl işıq" yandırır. Ardınca eyni danışıq prosesləri İranla aparılır. Kandilin İranın ərazisinə daxil olan bazalarda Cəmil Bayık və Murat Karayılan kimi PKK liderlərinin gizləndiklərini nəzərə alsaq, Tehranın bu əməliyyata dəstək verməsinin nə qədər vacib olduğu məlum olar.

Daha öncə də qeyd etdiyimiz kimi, Kandilə yaxın yaşayış yerlərindən mülki əhalini İran evakuasiya etməyə başlayıb və bu gün tədbir başa çatmalıdır. Bəzi KİV-lər isə İranla bəzi açıqlanmayan detalların müzakirəsinin davam etdiyini iddia edir. Lakin qeyd edək ki, bu əməliyyat vəziyyətinə təsir edəcək qüvvədə deyil.


Qərar qəbul edildikdən bu günə qədər TSQ boş dayanmadı. Türkiyə içindəki "kiçik kandillər" dediyimiz PKK düşərgələrinə istiqamətlənən hava və artilleriya zərbələri həyata keçirdi. PKK-nın qışda bazalarda yerləşməsi və növbəti "yaz kompaniyası"nın qarşısı alındı. PKK-nın bəlli bir fəaliyyət təqvimi var. Mart ayı ilə birgə qış mövsümündə hazırlıq dövrünü bitirən terrorçular Türkiyənin içərilərinə sızmağa başlayır. Təbii ki, yalnız terrorçular deyil, həm də Kandildən gətirilən əldə düzələn partlayıcılar, minalar və digər sursatlar terror fəaliyyətlərində istifadə edilmək məqsədilə Türkiyə ərazisinə daşınır. Son vaxtlar bu marşrutların bağlanması üçün PUA-lardan istifadə müsbət nəticələr verib.

Əməliyyat necə nəticələnəcək?

Hazırda "Kandil əməliyyatı"nın həyata keçiriləcəyi barədə hər yerdə müzakirələr gedir. Lakin bu əməliyyat artıq başlanıb. TSQ İraq ərazisində Kandilə doğru 27 km irəlləyərək, 11 baza yaradıb və 16 PKK düşərgəsini məhv edib. Hazırda İraq ərazisində Kandil ilə Suriya arasındakı təmasları qırmaq üçün "mühasirə" əməliyyatının detalları həyata keçirilir.

PKK-nın Sincardan çıxarılması, Kandillə YPG arasındakı əlaqəni pozmaq üçün əhəmiyyətli bir addım hesab edilir. Bu qismən həyata keçirilib. Sincarda ABŞ-ın müvəqqəti bir bazaya sahib olduğu haqqında məlumatlar mövcuddur.

Kandil məsələsində Türkiyənin İraq-İran-Rusiya və ABŞ-la əlaqələri intensiv olaraq davam edir, bütün siyasi və hərbi kanallar açıqdır. Kandil İrana uzanan böyük bir sahədə yerləşir və bu ərazilərdə hələ də PKK-nın 8-10 düşərgəsi mövcuddur. TSQ- nin böyük sayda texnika və canlı qüvvə cəmləşdirilməsi böyük miqyaslı əməliyyat planının mövcudluğundan və quru əməliyyatının başlanacağından xəbər verir.


Ərazinin coğrafiyası kifayət qədər mürəkkəbdir, buna görə də həmin ərazilərin terrorçulardan təmizlənməsi ilə yanaşı, bölgənin nəzarətdə saxlanılması da vacibdir. Təbii ki istənilən hərbi əməliyyat itkilərə səbəb olur. TSQ-nin qarşısında duran əsəs vəzifə bu əməliyyatı minumum itki və qələbə ilə başa vurmaqdır. Terrorçuların strateji obyektləri, HHM sistemləri, rabitə və enerji təminatı məntəqələri, silah, sursat və blindaj-tunelləri paralel olaraq, HHQ və XTQ tərəfindən daha detallı zərbələrə məruz qalmalı, əlaqə və geriçəkilmə yolları daim atəş nəzarəti altında saxlanılmalıdır.

Bir neçə gün davam edəcək artilleriya və aviasiya bombardmanı ilə düşərgələr və silah-sursat anbarları məhv ediləcək, müqavimət zəiflədikdən sonra aviasiyanın dəstəyi ilə quru qoşunlarının hücuma keçəcəyi gözlənilir. Havada tam üstünlük əldə ediləcəyi şübhəsizdir, buna görə də yaralıların helikopterlərlə təxliyəsi çox vacibdir.

Terrorçuların sağ və ya ölü ələ keçirilməsindən başqa digər variant müzakirə edilməməli və əməliyyat tarixi bir imkan olaraq dəyərləndirilməlidir. ABŞ, İran, Rusiya, Türkiyə və İraq rəhbərlikləri arasında kifayət qədər hərbi-siyasi ziddiyətlərin olmasına baxmayaraq, onların bu əməliyyatı dəstəkləmələri PKK-nın təşkilat kimi məhv edilməsinə real şərait yaradır. Belə bir fürsət hər zaman ələ düşmür. Hətta deyərdim ki, bəlkə də bir daha belə tarixi imkan ələ düşməyəcək.

Nəticədə qeyd edim ki, TSQ "Kandil Əməliyyatı"na ciddi bir şəkildə hazırlaşıb. Bu əməliyyat PPK təşkilatına tək hərbi deyil, həm də psixoloji zərbə endirəcək. Kandildə Türkiyə bayrağının dalğalanması PKK ilə mübarizədə bir dönüş nöqtəsi olacaq. Hazırda birliklərin Kandilə doğru irəlləyişi davam edir. Əməliyyata Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Komandanı, korgeneral (general-polkovnik) İsmayıl Metin Temel rəhbərlik edir.

Qardaş ölkəyə qısa zamanda qələbə arzusu ilə…

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Kandil-əməliyyatı   PKK   Terror  


Bizi "telegram"da izləyin