S-400-lər gündəmdə: May ayında Rusiya silahları hansı ölkələrə ixrac edilib? – HƏRBİ EKSPERT

2018/06/345345345345_1528198142.jpg
Oxunub: 2154     19:15     05 İyun 2018    
May ayında Rusiyanın silah ixracatına dair əsas xəbər başlıqları, Rusiyanın S-400 "Triumf" ZRK-ları (NATO-da SA-21 "Growler", yəni deyingən) üçün Hindistanın maraq göstərməsi barədə yayılan informasiyadan ibarət oldu. Mətbuatda yayılan məlumatlara görə Rusiya 6 milyard dollar dəyərində S-400 ZRK-larını Hindistana ixrac etməyə hazırdır. May ayında Rusiya Mi-35M helikopterlərini və Su-30SM qırıcılarını ixrac etmək barədə, daha öncə bağlanan müqavilələrin icrasını davam etdirib, Qazaxıstanla isə təyyarə təchizatı üzrə iki yeni müqavilə imzalayıb. Müqavilə Su-30SM qırıcılarının və Mi-35M helikoptrlərinin ixracını nəzərdə tutur.

Hindistan isə 6 milyard ABŞ dolları dəyərində bir neçə S-400 ZRK-nın alay dəstini əldə edə bilər.

Rusiya Müdafiə Nazirliyindəki iki mənbənin verdiyi məlumata görə, Rusiya azı 6 milyard dollar dəyərində S-400-lərin bir neçə alay dəstini Hindistana vermək üçün hazırdır.

Birinci mənbə, söhbətin 5 alaydan gedə biləcəyi, bunun isə 10 divizion demək olduğu bildirilir. İkinci mənbədə isə Hindistana 4 ədəd alay dəsti və əlavə 1 alayda sursat və ehtiyat hissələri ilə qarışıq tərkibli S-400 ZRK alay dəstinin təqdim edilə biləcəyi qeyd olunur. Mənbənin sözlərinə görə, mayın 28-də 6,2 milyard dollar dəyərində niyyət memorandumunu nəzərdə tutan müqavilə imzalanıb.


Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət isə hadisələri şərh edərkən bildirib ki, danışıqlar hələ davam edir. S-400 seriya istehsalı ilə məşğul olan "Almaz-Antey" konserni isə məsələ ilə bağlı şərh verməkdən imtina edib. Daha sonra, Hindistan mətbuatında mümkün bir müqavilə haqqında məlumatlar nəşr edilməyə başlandı. Mayın 31-də "Hindustan Times" nəşri Hindistan Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən xəbər yaydı ki, hind hərbçiləri bu əməliyyatı həyata keçirməyə icazə almaq üçün Nazirlər Kabinetinenin Ali Təhlükəsizlik Komitəsinə müraciət ünvanlayıb. Daha sonra "Hindustan Times" yazır ki, Dehli bu məsələ ilə bağlı ABŞ-ın mövqeyinə baxmayaraq, Rusiyadan S-400 komplekslərini əldə etməkdə israrlıdır. Tramp administrasiyası öncədən ABŞ və Hindistan arasında hərbi-texniki əməkdaşlığın mümkün qədər məhdudlaşdırılması barədə Hindistanı xəbərdar etdi. Bu əməkdaşlığın dəyərinin təxminən 5,5 mlrd. dollar olacağı gözlənilir.

"RİA Novosti" və "Defence news" informasiya agentliklərinin, S-400 "Triumf" ZRK-larının alınması ilə bağlı Rusiya və Hindistan arasındakı danışıqların, texnologiyanın yüksək dəyəri və bəzi hissələrinin Moskvanın vermək istəməməsi səbəbindən dalana dirənməsi ilə bağlı informasiyalar dərc etdikdən sonra, Moskva və Dehli arasında mümkün razılaşma barədə yeni məlumatlar peyda oldu.

Hindistan tərəfindən görüşlərdə iştirak edən mənbə, S-400 üzrə danışıqların final mərhələsində olduğu barədə məlumat verib. Onun sözlərinə görə, burada müqavilənin pozulması yalnız Hindistanın ABŞ sanksiyalarına məruz qaldığı təqdirdə əldə edə bilər. Birləşmiş Ştatlar 2017-ci ilin avqustunda "ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir" (CAATSA) Federal Qanununu qəbul edib ki, bu qanunda "Rusiya müdafiə müəssisələri ilə böyük əməliyyatlar aparan ölkələrə qarşı sanksiyaların tətbiqi" nəzərdə tutulur. Hazırda Hindistan nümayəndələrinin S-400 ZRK-larının alınması ilə bağlı müqaviləyə görə sanksiyaların tətbiq edilməməsi üçün ABŞ-la danışıqlar apardıqları ehtimal olunur. Rusiya ilə danışıqlarda iştirak edən yüksək çinli Hindistan rəsmisinə istinadən "PTI" agentliyinin verdiyi məlumata görə, müqavilənin "maliyyə hissəsi" üzrə müzakirəsi başa çatıb. Moskva və Dehlinin 2018-ci ilin oktyabrında keçiriləcəyi planlaşdırılan ikitərəfli sammitdə bağlanan müqavilə barədə ictimaiyyətə məlumat verəcəyi gözlənilir.

"İki ölkə arasında müqavilənin imzalanma şansı kifayət qədər böyükdür", - deyə "Vətən Arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski deyir. Onun sözlərinə görə, hazırda dünyada heç bir vasitə Rusiya S-400 "Triumf" ilə rəqabət apara bilməz. "Silah Export" jurnalının baş redaktoru Andrey Frolov isə iki ölkə arasında danışıqların həqiqətən final mərhələsində olduğunu bildirir: "Mən başa düşürəm ki, bütün məsələlər sonuna qədər həll edilməyib, lakin 2018-ci ildə müqavilənin imzalanmasını gözləyirəm".

Xatırladaq ki, Türkiyə daha öncə 2,5 milyard dollar dəyərində Rusiyadan S-400 ZRK-larının 4 ədəd divizion dəstinin alınması barədə müqavilə imzalayıb.

Qazaxıstan 8 ədəd Su-30SM qırıcılarının alınması üçün müqavilə imzalayıb

Daha öncə xəbər verdiymiz kimi, Astanada bu yaxınlarda keçirilən "KADEKS-2018" sərgisində Moskva və Astana Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin çoxfunksiyalı Su-30SM qırıcıları ilə təchizatı üçün yeni müqavilə imzalayıb. Bu barədə "Kazspetsexport" şirkətinin direktoru Arman Ramazanov məlumat verib. Yeni müqavilə çərçivəsində Qazaxıstan 8 ədəd yeni Su-30SM alacaq. Bu qırıcıların yığılmasını həyata keçirən "Irkut" şirkəti ilə müəyyən edilən razılaşmaya əsasən yeni döyüş təyyarələri 2020-ci ilə qədər Qazaxıstana veriləcək. Bu qırıcılar Qazaxıstan Silahlı Qüvvələrinin Su-30SM aviaparkını tamamlamaq üçün nəzərdə tutulub. Qeyd edək ki, bu təyyarələr 2015-ci ildən başlayaraq silahlanmada yer alır.


12 belə qırıcının alınması üçün əvvəlki müqavilə isə ötən il "Ordu-2017" forumu çərçivəsində imzalanıb. Bu barədə Rusiya prezidentinin hərbi texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin məlumat verib. Su-30SM yüksək manevrli çoxməqsədli qırıcısı 4 + nəslinə aiddir, fazalı anten barmaqlığa malik RLS ilə təchiz olunub, idarəolunan güc vektorlu mühərrikə və ön üfiqi pərlərə malikdir. Qırıcı "yer-hava" və "hava-yer" siniflərinin yüksək dəqiqlikli və qabaqcıl silahlarının müasir tiplərindən istifadə edə bilir. Su-30 ailəsinin digər üzvləri kimi, təyyarəyə beynəlxalq silah bazarında tələbat daim mövcuddur.

"Bmpd" bloqunun məlumatına görə, Qazaxıstan əvvəllər 23 ədəd Su-30SM alınması üçün "İrkutsk Aviasiya Zavodu" ilə üç müqavilə imzalayıb. 2014-cü ildə 4 ədəd Su-30SM qırıcılarının tədarükü üçün təxminən 5 milyard rubl dəyəri olan ilk müqavilə imzalandı və müqavilə 2015-ci ilin aprel ayında başa çatdı. 2015-ci ilin dekabrında Qazaxıstan 7 ədəd Su-30SM qırıcısının təchizatı üçün ikinci müqavilə imzaladı ki, onlardan dördü artıq gətirilib, qalan üçünün çatdırılması isə 2018-ci ilin sonuna qədər gözlənilir. Ötən ilin avqustunda Rusiya və Qazaxıstan daha 12 ədəd Su-30SM qırıcılarının tədarükü üçün çərçivə sazişi imzalyıb. Hazırda 8 qırıcının tədarükü üçün bağlanan müqavilənin öncədən hazırlanan çərçivə müqaviləsinin bir hissəsi və ya ona əlavə olub-olmadığı tam aydın deyil. Qazaxıstana çatdırılan 8 ədəd Su-30SM qırıcılarının hamısı Taldı-Kurqanda dislokasiya olunan Qazaxıstanın Hərbi Hava Qüvvələrinin 604-cü aviabazasında xidmət göstərir.

Qazaxıstan dörd Mi-35M helikopterinin tədarükü üçün müqavilə imzalayıb

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSBTC) rəis müavini Vladimir Drojjovun məlumatına görə, Moskva və Astana 4 ədəd Mi-35M çoxməqsədli hücum helikopterinin alınması üçün yeni müqavilə imzalayıb. O, Qazaxıstana dörd ədəd Mi-35M helikopterlərinin təchizatı üçün yeni müqavilənin bu il imzalandığını desə də, təchizatın müddəti barədə məlumat verməyib.


2016-cı ildə ölkələr arasında dörd Mi-35M helikopterinin tədarükü üçün müqavilə imzalanıb və onlar 2018-ci ildə təslim ediləcək. Bu günə qədər mövcud məlumatlara görə, Qazaxıstan Rusiyadan bu helikopterlərdən səkkizini almalıdır. Mi-35M çoxməqsədli hücum helikopteri zirehli vasitələri məhv etmək və quru qüvvələrinin atəşlə dəstəklənməsi üçün nəzərdə tutulub. Lakin yük və heyətin nəqli ilə yanaşı bir sıra digər vəzifələri yerinə yetirmək üçün də istifadə edilə bilər. Yeni helikopterlər, Mi-24V-nin dərin modernləşdirilməsi kimi hesab edilir və o yüksək dəqiqlikli müasir silah nümunələrindən istifadə edərək, çətin hava şəraitində sutka ərzində dayanmadan döyüş tapşırıqlarını yerinə yetirə bilir.

Nigeriya növbəti Mi-35M helikopterini aldı

2018-ci ilin aprelin 30-da Nigeriya Hərbi Hava Qüvvələrinin rəsmisi "Facebook" sosial şəbəkəsində "Makurdi" hava bazasına Rusiyanın An-124-100 "Ruslan" nəqliyyat təyyarəsi ilə növbəti iki yeni Mi-35M döyüş helikopterlərinin çatdırılması barədə məlumat yaydı. Nigeryaya helikopterlərin çatdırılması Rusiyanın Müdafiə Nazirliyinin "224-cü uçuş dəstəsi" Dövlət müəssisəsinin nəqliyyat təyyarələri tərəfindən həyata keçirilib.


"Bmpd" bloqunun məlumatına görə, 2014 və 2015-ci ildə Nigeriya "Rosoboronexport" ilə bağlanan iki müqavilə üzrə Rusiyanın Rostov-Donda yerləşən "Rostvertol" müəssisəsində istehsal edilən 12 ədəd Mi-35M çoxməqsədli hücum helikopteri alıb. Onlardan ikisi 2016-cı ilin dekabrında təslim edildi və 2017-ci ilin aprel ayında Nigeriyanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil oldu. Qalan 10 helikopterin çatdırılması 2018-ci ilə planlaşdırıldı. Hazırda onlardan daha ikisi Nigeriyaya çatdırılıb. Beləliklə, hazırda Nigerya Hava Qüvvələri sifariş etdiyi 12 vasitədən 4 ədəd Mi-35M helikopterini əldə edib.

Ermənistan Rusiyadan "Tor-M2" ZRK-ları alacaq

Ermənistan Müdafiə Nazirliyi bir neçə aydan sonra Rusiyanın "Tor-M2" qısa mənzilli ZRK-larını ala bilər. Beləliklə, Ermənistanın Rusiya avadanlıqları ilə yenidən silahlanması davam edəcək.


Məlumdur ki, 200 milyon ABŞ dolları məbləğində Rusiyanın güzəştli hərbi krediti üzrə müqavilələrin həyata keçirilməsindən sonra Ermənistana 100 milyon ABŞ dolları məbləğində ikinci güzəştli kredit təklif edilib. Ermənistanın sabiq müdafiə nazirinin müavini Artak Zakaryanın sözlərinə görə, Rusiya və Ermənistan arasında 2017-ci ilin dekabrına qədər hərbi-texniki əməkdaşlığa dair 100 milyon dollardan bir az çox məbləğdə (satınalmanın az bir hissəsi Ermənistan büdcəsindən maliyyələşdirilir) üç müqavilə bağlanıb.

Görünür, üç müqavilədən birində Ermənistanın "Tor-M2" qısa mənzilli hava hücumundan müdafiə kompleksi ilə təchizatı nəzərdə tutulub.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Tor-M2   Mi-35M   Su-30SM  


Bizi "telegram"da izləyin