Sanksiyalar altında hərbi çətir: Yaxın Şərq, Çin, yoxsa Rusiya plasdarmı hədəfdədir?

2018/05/32423_1525940544.jpg
Oxunub: 1467     16:20     10 May 2018    
Bir neçə gün öncə, rəsmi Vaşinqtondan yayılan bəyanatlarda, "yüksək səviyyəli" məhdudlaşdırıcı tədbirlərin, İran İslam Respublikasına nüvə proqramının inkişafında kömək edən ölkələrə də toxunacağı bildirildi.

Çərşənbə axşamı Tramp İranın nüvə proqramı ilə bağlı sazişdən çıxdığını və Tehrana qarşı ABŞ sanksiyalarını bərpa etdiyini açıqladı, bu isə Avropa kampaniyaları ilə yanaşı ABŞ şirkətlərinə də təsir edə bilər.

2015-ci ilin İran və beş daimi BMT Təhlükəsizlik Şurasının üzvləri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya tərəfindən Tehranın nüvə probleminin həll edilməsi üçün hazırlanan Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) "dəhşətli birtərəfli əməliyyat" və "çürük qurum" adlandıran Tramp, bu razılaşmanın "heç bir sülh və sabitlik gətirməyəcəyini" ifadə edib. O, narazılıq səbəblərindən biri kimi, müqavilənin Tehranın nüvə silahı yaratmaq və ballistik raketləri inkişaf etdirmək imkanlarına tamamilə maneə ola bilmədiyini göstərib.

Mey, Merkel və Makron Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatlarında İranın müqavilə şərtlərini yerinə yetirilməsinə diqqət çəkiblər. "Avropa üçlüyü" Tehranı təmkinli davranmağa Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmamağa, lakin eyni zamanda İranın raket proqramı və Suriya, İraq və Yəməndəki fəaliyyəti ilə bağlı narahatlığını bildirib. ABŞ qərarı ilə bağlı təəssüflərini Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də fadə edərək, İranla xüsusi razılaşmanın 12 illik diplomatik səylərin meyvəsi olduğunu xatırladıb və bu razılaşmanı "ciddi fərqlər olsa belə razılığa gəlməyin mümkün" olduğunun göstəricisi adlandırıb.

"Biz beynəlxalq ictimaiyyətin qalan hissəsinin də müqaviləni həyata keçirmək üçün öhdəliklərini yerinə yetirəcəyini gözləyirik. Biz, nüvə razılaşmasını davam etdirəcəyik", - deyə Federika Moqerini bildirib.

Prezident Tramp nüvə proqramında İrana yardım edən bütün ölkələrə qarşıda "yüksək səviyyədə sanksiyalar" tətbiq olunacağı barədə niyyətini elan edərək bildirib ki, "bunlar boş təhdid deyil" və "ciddi nəticələrə səbəb olacaq". Çıxışını bitirən kimi Tramp ABŞ-ın birgə hərtərəfli fəaliyyət planınından çıxaraq, İrana qarşı ABŞ sanksiyalarının bərpa prosesini başlayan memoranduma imza ataraq onu bir neçə saniyə kameralara göstərib.

Milli Təhlükəsizlik üzrə Prezident köməkçisi Con Boltonun sözlərinə görə, memorandum nazirliklərə və idarələrə sanksiyaların yenidən tətbiqi prosesini başlamaq üçün göstəriş verir. Bolton ABŞ-ın müttəfiqləri ilə "mümkün qədər şəffaf olmaq istəyi" ilə əlaqəli olaraq Böyük Britaniya, Almaniya və Fransalı həmkarları ilə İranın nüvə proqramı ilə bağlı növbəti addımları barədə məsləhətləşmələr aparmaq niyyətində olduğunu bildirib.

ABŞ Maliyyə Naziri Stiven Mnuçin, İrana qarşı birtərəfli ABŞ sanksiyalarının hansı məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğundan asılı olaraq, yenidən 3-6 ay sonra fəaliyyətə başlayacağını bildirib.

Müttəfiqlərin narahatlığı

Aİ və İranın nüvə proqramı ilə bağlı Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "Avropa üçlüyü " BHFP sadiq qalacaqlarını və ABŞ qərarından narahat olduqlarını bildirdilər. Böyük Britaniya, Fransa və Almaniya liderləri İranın nüvə proqramı üzrə müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə razılaşıblar. Bu barədə çərşənbə axşamı Britaniya Baş naziri Tereza Meyin Almaniya Baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla söhbətindən sonra Britaniya dəftərxanasının verdiyi bəyanatda deyilir: "Birlikdə, ortaq təhlükəsizliyimiz üçün vacib olan Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) sadiq bağlılığımızı vurğulayırıq".

Hər üç ölkənin liderləri İranın nüvə proqramı ilə bağlı ABŞ prezidentinin qərarını "təəssüf və narahatlıqla" qarşıladıqlarını və bu proqramla bağlı müzakirələr üçün hüquqi baza olaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamədən istifadə edilməli olduqlarını bildiriblər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, bütün tərəfləri razılaşmanın tam həyata keçirilməsinə və məsuliyyətlə hərəkət etməyə çağırdı.

“Mən bu gün elan edilən yeni sanksiyalardan xüsusilə narahatam. Mən yaxın saat və günlərdə bizim tərəfdaşlarla sıx məsləhətləşmələr keçirəcəyəm və sanksiyaların mümkün təsirini qiymətləndirəcəyik. İstənilən halda Avropa İttifaqı öz maraqlarını və iqtisadi investisiyalarını qorumaq üçün qərarlıdır", - deyə o bildirdi.

Vaşinqton razılığa gələcək qabiliyyətdə deyil

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin qərarı ilə bağlı dərin məyusluq ifadə etdi. Bəyanatda deyilir ki, ABŞ yenə də dünya ictimaiyyətinin və əksər dövlətlərin mövqeyinə zidd olaraq yalnız öz eqoist və fürsətçi maraqları naminə bir daha beynəlxalq hüquq normalarını kobud şəkildə pozdu.

"8 mayda elan edilən qərar Vaşinqtonun razılığa gələcək qabiliyyətdə olmadığının yeni bir təsdiqidir. ABŞ İranın tamamilə qanuni nüvə fəaliyyətinə qarşı olan iddiaları, yalnız Tehranla siyasi hesablaşmanın bir örtüyü olduğunu nümayiş etdirir", - deyə Rusiya XİN açıqlama verdi.

Rusiya Xarici İşlər Nazirliyi razılaşma iştirakçılarının birgə komissiyasına "vəziyyəti müəyyən edilən prosedurları ciddi şəkildə nəzərə alaraq dərhal araşdırmaq" çağırışı ilə müraciət etdi. Nazirlikdən bildiriblər ki, İranla razılşmadan çıxmağa hər hansı bir səbəb yoxdur və Rusiya digər üzv dövlətlərlə də əməkdaşlığa və siyasi dialoqa daim hazırdır.

Öz təhlükəsizliyini təhdid etmək

Bu müqaviləni rəhbərliyin uğurlarından biri hesab edən keçmiş ABŞ prezidenti Barak Obama prezident Trampın qəbul etdiyi qərarı "yanlış addım" olaraq qiymətləndirdi. Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaq "müttəfiqlərə arxasını çevirmək və aparıcı ABŞ diplomatları, görkəmli alimlər və peşəkər kəşfiyyatçılar tərəfindən hazırlanan müqavilədən imtina" etmək deməkdir.

Bundan əlavə, Obama xatırladıb ki, İran Sazişin müddəalarını pozmayıb: "İranda nüvə silahının meydana gəlməsi ABŞ üçün pis seçim ola bilər və nüvə silahının yaranması Yaxın Şərqdə bir neçə müharibəyə səbəb ola bilər".

Tramp qərarının daha sərt bir qiymətləndirməsini BHFP danışıqlarının birbaşa iştirakçısı olan ABŞ-ın köhnə dövlət katibi Con Kerri verib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı sazişdən imtina ABŞ-ın təhlükəsizliyini zəiflədir, Amerika vədlərini pozduğuna görə Avropalı müttəfiqlərdən təcrid olunur və İsraili yüksək risklərə məruz qoyur.

CNN telekompaniyası Tramp qərarını şərh edərkən sual edir. İrana tətbiq etdiyi sanksiyaların planları işləmədiyi halda rəhbərliyin "B planı" var mı? Tramp, İranda rejim dəyişikliyi ilə hədəflərinə çatmağı planlayan bir qrup tərəfindən əhatə olunur.

Qeyd edək ki, Ruhani hakimiyyətə gələrkən ABŞ ilə əlaqələri bərpa etməklə müəyyən dividentlər qazana bildi. Bu zaman müxalifətin ABŞ-a etibar etməmək barədə çağırışları Ruhani tərəfindən nəzərə alınmadı. İndi isə İran müxalifətinin istəmədən ABŞ-ın xeyrinə Ruhaniyə qarşı istifadə edə biləcəyi kimi arqumentlər ortaya çıxır.

İqtisadi nəticələr

"Bloomberq" xəbər agentliyinin qeyd etdiyi kimi, Tramp fərmanı İran ilə bütün yeni əlaqələrin qarşısını aldı və üstəlik İranla müqavilələri mövcud olan şirkətlər üçün 90-180 gün məhdudiyyət dövrü təyin etdi. Bu ilin avqust və ya noyabr ayında ABŞ İran Mərkəzi Bankına, İranın maliyyə institutlarına, neft sənayesinə, gəmiçilik sahəsinə və digər şirkətlərinə qarşı sanksiyaların bir-birini əvəz edəcəyi gözlənilir. 6 avqusta qədər şirkətlərdən İran valyutası ilə maliyyə əməliyyatlarını, qızıl, alüminium və polad ticarətini dayandırmaq tələb olunacaq, 4 noyabrdan isə İranın neft sənayesinə qarşı sanksiyalar bərpa ediləcək.

Nyu-York Fond Birjasında neftin qiyməti, bəzi analitiklərin proqnozlaşdırdığı kimi, kəskin dəyişikliyə məruz qalmadı. Çərşənbə axşamı Nyu-York birja sessiyasının sonuna yaxın neftin qiyməti 2014-cü ilin ən yüksək 70.73 dollar qiymətindən 1.43 % aşağı, bir barel üçün 69.72 dollar təşkil edib. Əslində hələ də sanksiyaların sərtliyi ilə əlaqədar dəqiq məlumatlar yoxdur. Həmişəki kimi Tramp özünə manevrlər üçün kifayət qədər ərazi saxlayır.

Tətbiq olunacaq sanksiyalar nəticəsində İran neft ixracının həcmi gündəlik 200-300 min barel azala bilər. Təbii ki, sanksiyaların miqyasından çox şey asılı olacaq. CNN telekompaniyası isə, daha pessimist bir ruhda ABŞ prezidentinin sanksiya tədbirləri nəticəsində İranın neft ixracatının gündə 1 milyon barel, yəni ixracatın təxminən yarısı qədər azala biləcəyini proqnozlaşdırıb. Bu proqnozların özünü doğrultması isə İran neftinin böyük istehlakçılarının - Çin, Aİ, Hindistan və Cənubi Koreyanın reaksiyasından daha çox asılı olacaq.

2015- ci ilin İran və beş daimi BMT Təhlükəsizlik Şurasının üzvləri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya tərəfindən Tehranın nüvə probleminin həll edilməsi üçün hazırlanan Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) qəbul edildikdən sonra bir çox nəhəng neft və sənaye şirkətləri Tehranla böyük əlaqələr yaratdılar. Belə ki, ABŞ-ın "Airbus" kampaniyasının İrana təxminən 19 milyard dollara, 100 ədəd təyyarə satacağı ilə bağlı müqaviləsi var. Digər bir dünya aviasiya nəhəngi ABŞ-ın "Boeing" şiirkəti və İranın "Asiman" aviakompaniyası 3 milyard dollarlıq 30 ədəd "Boeing-737 Max" təyyarəsinin təchizatı üçün saziş imzalayıb. ABŞ-ın tək iki şirkətinin İranla bağladığı müqavilələrin toplam dəyəri 40 milyard dollardır. Fransanın "Total SA" və Çinin "China National Petroleum Co" şirkəti İranın "Cənubi Fars" yatağının 20 il ərzində işlənməsinə dair 5 milyard dollar məbləğində müqavilə imzalayıb. Bütün bunları nəzərə alarsaq, sanksiyalardan ən çox iqtisadi ziyan çəkəcək ölkənin, elə ABŞ-ın özünün olacağını görərik.

Hazırda transmilli şirkətlər İranda öz maraqlarını qorunması imkanlarını və ABŞ sanksiyaları nəticəsində İranı tərk etməyə məcbur olduqda, investisiya planlarının xilas edilməsi yollarını araşdırır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin