Ordu.az "Haaretz"ə istinadən xəbər verir ki, Suriya tərəfi qırıcının onlar tərəfindən vurulduğunu iddia etsə də, İsrail ordusu məlumatı təsdiqləməyib.
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, hücum zamanı Suriyanın HHM sistemləri F-16-nı hədəf aldıqdan sonra kabinədə olan iki pilot katapultdan istifadə etməyə məcbur olublar. Pilotlar təhlükəsiz şəkildə təyyarəni tərk etdikdən sonra qırıcı İsrailin şimal hissəsində yerə çırpılıb. Pilotlar dərhal hospitala çatdırılıblar və vəziyyətləri stabildir.
İMQ İran dronunun vurulduğunu da bildirib.
Yerli sakinlər son yarım saat ərzində partlayış səslərinin yenidən eşidildiyini, İsrailin İordaniya və Suriya ilə sərhəd zonasında aktivləşdiyini qeyd ediblər. Colan təpələrində hazırda Suriya ordusu ilə üsyançılar arasında da ağır atışmaların getdiyi bildirilir.
*****
Suriyada HHM sistemindən İsrailə məxsus təyyarə vurulub. Təyyarə İsrailin şimalına düşüb.
Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Televiziyanın bildirdiyinə görə, İsrail təyyarələri bu gün səhər hərbi bazaya hücum həyata keçirmək üçün Suriya hava fəzasına daxil olub. Hücum zamanı Suriya HHM sistemlərindən bir İsrail təyyarəsinin vurulduğu bildirilir.
“Reuters” isə adını açıqlamadığı Suriya dövlət rəsmisinin “havadan müdafiə sistemlərimiz bir neçə İsrail təyyarəsini vurub” dediyini bildirib.
*****
İsrail ordusu İran dronunun vurulmasından sonra bütün ssenarilərə hazır olduğunu bildirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi general Ronen Manelis bildirib.
Onun sözlərinə görə, hücumdan sonra İsrail HHQ dronun göndərildiyi istiqamətdə aviazərbələr endirib. Hücum zamanı HHQ-nin qəzaya uğrayan qırıcıda olan iki pilotu katapultdan istifadə edib. Qırıcı İsrailin şimalında qəzaya uğrayıb. Pilotlar hospitala aparılıblar və vəziyyətləri stabildir.
Ağalar Ağalarlı
Ordu.az