Vüqar Əliyev: “Türkiyənin uğursuzluqla qarşılaşma etimalı yox dərəcəsindədir” - MÜSAHİBƏ

2018/01/resized_ed283-6ad73209mansetc213213_1516636544_10621247532.jpg
Oxunub: 3716     22:06     30 Yanvar 2018    
Afrin əməliyyatı, Afrin hərəkatı və ya digər adı ilə “Zeytun Budağı” əməliyyatı 2018-ci ilin 20 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Afrin bölgəsinə doğru başladılan, əsas məqsədi ərazidəki PYD, YPG və PKK terror varlığını aradan qaldırmaq və bölgəni təhdid edən ünsürləri məhv etməkdən ibarətdir. Həmçinin İŞİD-in bölgədən uzaqlaşdırılması da qarşıya qoyulan hədəflər arasındadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Afrindən sonrakı istiqamətin Münbic olduğunu açıqlamaqla əslində, Afrinin son dayanacaq olmadığını bəyan etdi.

Ordu.az bölgədəki mövcud vəziyyət və əməliyyatın gedişi barədə “Oğuz Müstəqil Araşdırmaçılar Qrupu”nun sədri, Yaxın Şərq üzrə mütəxəssis, dosent Vüqar Əliyevin fikirlərini öyrənməyə çalışıb.


“Zeytun budağı” əməliyyatının başlama səbəbləri nələrdən ibarətdir və Türkiyə əməliyyatda uğur qazanmaqla hansı hədəflərə çatmaq istəyir?

- “Zeytun budağı” əməliyyatının əsas başlama səbəbi Türkiyə sərhədlərinə yaxın ərazidə təhlükəsizliyin təmin edilməsi və Suriya ilə sərhəd bölgələrdən Türkiyə ərazisinə terror təhlükəsini uzaqlaşdırmaqdır. Bildiyimiz kimi, daha öncə “Fərat qalxanı” əməliyyatı həyata keçirildi ki, indi gerçəkləşdirilən Afrindəki əməliyyatları da “Fərat qalxanı” əməliyyatlarının məntiqi ardı hesab etmək olar. Çünki Afrin bölgəsi də Türkiyənin terrorla mübarizəsində çox əhəmiyyətli bir nöqtədir. Son dövrlərdə PKK və onun qolu olan YPG, eyni zamanda İŞİD silahlıları bu bölgədən istifadə edərək Türkiyə üçün ciddi terror təhlükələri yaradırdılar.

Bundan başqa, Afrinə müdaxilə “Fərat qalxanı” əməliyyatlarında terrorçulardan təmizlənən bölgənin təhlükəsizliyini təmin etmək baxımından da vacib bir məqamdır. Çünki “Fərat qalxanı” əməliyyatını Türkiyə sadacə sərhədlərindəki İŞİD təhlükəsini aradan qaldırmaq məqsədi ilə həyata keçirməyib, eyni zamanda PKK terrorçularının nəzarətindəki Afrin və Kobani bölgələri arasındakı əraziləri nəzarət altına almağı hədəfləyirdi. Məqsəd YPG qruplaşmalarının Türkiyə ilə Suriya sərhəddi boyu formalaşdırmaq istədikləri korridorun qurulmasını əngəlləmək idi.


Üçüncü səbəb isə geosiyasi vəziyyətlə bağlıdır. Türkiyənin mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcəyi sözsüzdür.

Türkiyə siyasi dairələri terrorçu birləşmələrə kənar dövlətlərdən silah və maddi yardımlar edilməsi barədə dəfələrlə açıqlamalar veriblər. Bu haqda nələr söyləyə bilərsiniz?

- Türkiyə hakim dairələri bir çox bəyanatlarında ABŞ və Qərbi Avropa ölkələrinin terrorist qruplaşmalara yardım etməsi ilə bağlı açıqlamalar verib. Türkiyə hər zaman PKK və YPG-nin İŞİD ilə eyni dərəcədə terror təhlükəsi daşıyan qruplaşmalar olduğunu, ancaq adıçəkilən dövlətlərin öz siyasi maraqları üçün bunu görməzdən gəldiyini qeyd edib. Qərblə Türkiyənin bu mövzuda hər zaman fikir ayrılığı yaşadığı da hər kəsə bəllidir.

- Əgər Türkiyə “Zeytun budağı” əməliyyatında məqsədinə çata bilməzsə, diplomatik və siyasi nüfuzu, eyni zamanda bölgədəki aparıcı rolu müəyyən qədər azalacaq. Türkiyənin Qarabağ probleminin həllində Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu nəzərə alarsaq, bunun, problemin həllində Azərbaycanın əleyhinə hansısa nəticələr verə biləcəyini düşünə bilərikmi? Yəni Türkiyənin söz haqqı azala bilərmi?

- Uğursuzluq bütün məsələlərdə Türkiyənin beynəlxalq imicinə mənfi təsir göstərə bilər. Lakin əməliyyat elə planlaşdırılıb və hazırda həyata keçirilir ki, Türkiyənin uğursuzluqla qarşılaşma etimalı yox dərəcəsindədir. Hətta son zamanlar ABŞ rəsmilərinin Afrindəki əməliyyatlardan sonra “Biz terror qruplaşmalarına dəstək vermirik” şəklində bəyanatlar səsləndirmələri də onu göstərdi ki, hansısa qruplaşmalara görə Türkiyə ilə münasibətlərini gərginləşdirməyəcək və toqquşmaya getmək niyyətində deyillər. Bu, eyni zamanda Türkiyənin də məqsədlərinə çatdığının göstəricisidir.


Digər maraqlı məqam isə budur ki, qarşı tərəf Türkiyənin qazandığı uğurlardan sonra, əməliyyatların üçüncü mərhələsinin başlamasından ehtiyyatlanır. Bir müddət əvvəl Türkiyə prezidenti R.T. Ərdoğan da bildirmişdi ki, əməliyyatların üçüncü mərhələsinin baş verməsi gözləniləndir. Yəni Afrində uğursuzluqdan daha çox, bu uğurların davamı olaraq üşüncü mərhələnin başlanılmasından danışıla bilər.

- Ötən gün ABŞ rəsmiləri Münbicdən geri çəkilməyəcəklərini açıqlasalar da, Türkiyə prezidenti R.T. Ərdoğan Münbicə daxil olub terror təhlükəsini aradan qaldırana qədər əməliyyatın davam edəcəyini açıqladı. Sizcə, ABŞ və Türkiyə Münbicdə ortaq qərara gələ bilməzsə, bu fikir ayrılığının sonunda hər iki ölkə üçün hansı problemlər yarana bilər? Mövcud hərbi qarşıdurma anında Türkiyə regionda ABŞ-la üzləşməyə hazırdırmı?

- Daha öncə də qeyd etdiyim kimi, düşünmürəm ki, ABŞ açıq şəkildə Türkiyə ilə qarşı-qarşıya gəlsin. Bu, onun da maraqlarına ziddir. Həmçinin bu gün Türkiyə haqlı mövqe sərgiləyən bir ölkədir. Əməliyyatlarda məqsəd terroru ölkə sərhədlərindən mümkün qədər uzaqlaşdırmaq və təhlükəsizliyi təmin etmək cəhdidir. ABŞ da bunu bilir və anlayır ki, Cerablus əməliyyatlarından bu günə qədər Türkiyə yalnız sərhədlərini müdafiyə etmək üçün döyüşür. Sadəcə ABŞ ciddi strateji əhəmiyyətə malik Münbicin ona müttəfiq olan PYD, YPG və PKK terror qruplaşmalarının nəzarətindən çıxmasını istəmir.


- Bildiyimiz kimi, bu gün Soçidə Suriya böhranı ilə bağlı növbəti görüş – Suriya Milli Dialoq Konqresi baş tutur. Konqresdən Afrin bölgəsi ilə bağlı nə kimi qərarlar gözləmək olar?

- Bildiyim qədərilə artıq müxalifət danışıqlara qatılmayacağını bəyan edib. Həm də mövcud vəziyyət o qədər mürəkkəbləşib ki, bu vəziyyətdə hər hansı bir görüşlə problemin həll olunmasını gözləmək olmaz. Bundan əvvəl ard-arda Astanada Rusiyanın təşkilatçılığı ilə bir sıra görüşlər oldu. Tərəflər arasında fikir ayrılığı çox dərin olduğu üçün həmin görüşlərdə də effektli nəticələr əldə etmək mümkün olmadı. İndi də eyni hal yaşanacaq.

Həşim Səhrablı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin