Pakistan: “Ölkənin suverenliyini pozan istənilən PUA vurulacaq”

2017/12/24829376_2065566150342377_100692011_n_1512843541rüer_1512848359.jpg
Oxunub: 521     02:16     10 Dekabr 2017    
“ABŞ da daxil olmaqla Pakistanın hava sərhədlərinin suverenliyini pozan istənilən pilotsuz uçuş aparatı vurulacaq”.

Ordu.az Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Süheyil Aman İslamabadda yerləşən Aviasiya Akademiyası tələbələrinin tədbirində bəyan edib.

Tədbirdə çıxış edərək Pakistan hava qüvvələrindən ağız dolusu danışan Hərbi Hava Qüvvələri rəhbəri, bu qüvvələrin ölkənin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib.

Aman Üsəma Bin Ladenə qarşı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MİK) 2011-ci ilin mayında həyata keçirdiyi əməliyyat zamanı Əfqanıstanın Cəlalabad vilayətindən Pakistanın Abbotabad ərazisinə keçən helikopterlər haqqında əvvəlcədən Pakistana məlumat verilməməsini xatırlayaraq bildirib ki, ordu Üsəma Bin Laden prosesində səhvə yol versə də, indi ölkənin suverenliyini bütün təhlükələrdən qoruya bilər.

“Heç kəsə bizim hava məkanımızı pozmağa imkan verməyəcəyik. Pakistan Hərbi Hava Qüvvələrinə ölkənin ərazi bütövlüyünü və suverenliyini pozan istənilən dronun vurulması əmri verilib. Hətta o dron ABŞ ordusuna məxsus olsa belə”,- deyə Aman əlavə edib.

Pakistan Aviasiya mühəndislərini və alimlərini tərifləyən Aman bildirib ki, onların ortaya qoyduqları əməyin nəticəsində ölkə hərbi təyyarə sahəsində xarici asılılıqdan qurtulub. Əvvəllər F-16 qırıcıları üçün ABŞ-la olan çoxmilyonlu layihələr ləğv edilib.

Qeyd edək ki, ABŞ-a qarşı yönələn bu çıxış ABŞ-la Pakistan arasındakı əlaqələrin gərginləşdiyi dövrə təsadüf edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustda özünün “Yeni Əfqanıstan” strategiyasını elan edərkən Pakistanı sərt tənqid edib. Bu tənqidlərdən sonra Pakistanda Vaşinqtonun etibarlı müttəfiq olmaması ilə bağlı fikirlər meydana gəlməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ  


Bizi "telegram"da izləyin