Rusiya Tacikistana 40 ədəd təyyarə və helikopter göndərib

2017/11/5a0934e54738c23423423_1510553851.jpg
Oxunub: 451     14:16     13 Noyabr 2017    
Rusiyanın Mərkəzi Hərbi Dairəsi Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatının (KTMT) müştərək operativ reaksiya qüvvələrinin iştirakı ilə Tacikistanda keçirilən antiterror əməliyyatlarında iştirak məqsədilə ölkənin üç operativ aerodromuna 40 ədəd təyyarə və helikopter göndərib.

Manevrlərdə ümumilikdə 5 mindən çox hərbi xidmətçi iştirak edir. Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Mərkəzi Hərbi Dairənin ordu komandanının köməkçisi Yaroslav Roşupkin bildirib.

“6 ədəd nişan-naviqasiya kompleksi “Hefest”lə təchiz edilən Su-24M bombardmançısı Şimali Uralda yerləşən Şaqol aerodromundan, eyni sayda hücumçu Su-25M təyyarəsi Rusiyanın Qırğızıstanda yerləşən Kant avibazasından gəlib. Mi-8AMTŞ “Terminator” və Mi-24 helikopterləri Novossibirskin Tolmaçevo aviabazasında ağır nəqliyyat təyyarələri An-124-100 “Ruslan” təyyarələri vasitəsilə daşınıb. Ümumilikdə Rusiyadan 40-a yaxın hava texnikası buraya yönləndirilib”, - deyə Roşupkin qeyd edib.

Daha öncə xəbər verilirdi ki, “Sarsılmaz qardaşlıq-2017” təlimlərinin yekun mərhələsində Tacikistanın cənubunda Əfqanıstan ərazisindən gələn şərti terrorçulara qarşı mübarizə tədbirləri işlənir. Manevrlərdə, Rusiyanın “İskəndər-M” raket komplekslərindən də istifadə olunur.

Qeyd edək ki, təlimlərdə Rusiya, Tacikistan, Qırğızıstan, Belarusiya, Ermənistan və Qazaxıstandan olan hərbi birləşmələr iştirak edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Sarsılmaz-qardaşlıq-2017   İskəndər-M  


Bizi "telegram"da izləyin