Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı “Arşak Dabağyan adına Mane ana” sosial-ictimai təşkilat sədri Manuşak Stepanyan bildirib.
"Həlak olmuş hərbi qulluqçuların valideynlərindən çoxu işləmir. Onların ciddi sağlamlıq problemləri var, lakin, heç kim bu illər ərzində ailə üzvlərinin nə kimi problemləri var deyə onların qapısını döyüb soruşmayıb. Onlar elə bir ağır şəraitdə yaşayırlar ki, kommunal xərclərini belə çətinliklə ödəyirlər. Heç olmasa güzəştlər edilsəydi çox yaxşı olardı"- deyə Manuşak Stepanyan etiraz edib.
İctimai təşkilat rəhbərinin sözlərinə görə, həlak olmuş erməni hərbi qulluqçuların ailələri qanunla nəzərdə tutulan imtiyazlardan istifadə edə bilmirlər. Məsələn, Azad Simonyanın bacısı universitetə daxil olub. Valideynlərinin iş qabiliyyətinə malik olmamasına baxmayaraq, dövlət tələbənin təhsil haqqını ödəmir.
2016-cı ilin 10 aprel tarixində müharibədə həlak olan müqaviləli hərbi qulluqçu Robert Abrahamyanın atası Abraham Abrahamyanın sözlərinə görə, hazırda onun oğlunun bir azyaşlı övladı var. O, bu günə qədər heç bir şəxsin qapını döyərək, uşağın taleyi ilə maraqlanmadığını bildirib:
"Mən və həyat yoldaşım işləmirik .Oğlum da rəsmi nigahda olmayıb. Biz istəyirik ki, qadın qanuni arvad kimi tanınsın, uşaq isə evsiz kimi qeydiyyata alınsın, yəni ona ev verilsin. Bizim də evimiz yoxdur. Heç olmasa o uşağa kömək etsinlər. Ayda 10 min dram mənə, 60 min dram da uşağa görə pul verirlər"- deyə Abraham Abrahamyan şikayətlənib.
Alpər Mövludoğlu
Ordu.az