ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları dəniz daşımalarının xərcini rekord həddə çatdırıb

2026/06/1782722240.jpg
Oxunub: 193     12:34     29 İyun 2026    
ABŞ-nin tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları fonunda qlobal dəniz yükdaşımalarının xərci son iki ilin ən yüksək səviyyəsinə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

“Freightos” rəqəmsal gəmiçilik platformasının məlumatına görə, Asiya ilə ABŞ-nin şərq sahili, eləcə də Asiya ilə Avropa arasındakı marşrutlarda daşınma tarifləri ötən həftə 2024-cü ilin yayından bəri ən yüksək səviyyəyə yüksəlib.

Platformanın məlumatına əsasən, Çin-ABŞ-nin şərq sahili marşrutu üzrə standart 40 futluq konteynerin daşınma xərci 7 min 880 dollara çatıb ki, bu da bir ay əvvəlki göstəricidən 62 faiz çoxdur.

Çin ilə Aralıq dənizi arasında eyni konteynerin daşınması isə 47 faiz bahalaşaraq 6 min 431 dollar təşkil edib.

BIMCO gəmiçilik assosiasiyasının açıqlamasında bildirilib ki, gömrük rüsumları və gəmi yanacağının qiyməti ilə bağlı qeyri-müəyyənlik, xüsusilə ABŞ istiqamətində yüklərin daha erkən göndərilməsinə səbəb olub və bu da daşınma tariflərini kəskin şəkildə artırıb.

“Freightos” nümayəndəsi Cuda Levin bildirib ki, müştərilər və daşıyıcı şirkətlər yay aylarında yarana biləcək mümkün fasilələrdən, eləcə də Yaxın Şərqdəki böhranın yanacaq qiymətlərinə təsirindən yayınmaq üçün tədarükləri daha erkən tarixlərə keçirirlər.

Məlumata görə, ABŞ iyul ayında təxminən 60 ölkənin məhsullarına 10 və ya 12,5 faiz həcmində yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır.

Bu qərar həmin ölkələrdə məcburi əməkdən istifadə edilməklə istehsal olunan məhsulların idxalı ilə bağlı 2026-cı ilin mart ayında başlanmış araşdırmanın nəticələrinə əsasən qəbul edilib.

Araşdırma 1974-cü il tarixli “Ticarət haqqında” qanunun 301-ci maddəsinə əsasən aparılıb. Həmin maddə ABŞ prezidentinə digər ölkələrin milli ticarətə qarşı tətbiq etdiyi məhdudiyyətlərə qarşı bütün zəruri tədbirləri görmək səlahiyyəti verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Rüsum  


Bizi "telegram"da izləyin