Erməni siyasi xadim: “Paşinyanın əsas problemi Moskva deyil, Avropa İttifaqıdır”

2026/06/1782367848.jpg
Oxunub: 204     16:53     29 İyun 2026    
“Nikol Paşinyanın qarşısında duran əsas xarici siyasət problemi Rusiya deyil, gələcəkdə Türkiyənin təsirinin artacağı Avropa İttifaqı mühitidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Adekvat” birliyinin təsisçisi, erməni siyasi xadim Artur Danielyan bildirib.

O qeyd edib ki, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi məhdudiyyətlər nə qədər sərt olsa da, Paşinyanın əsas xarici siyasət çağırışı şimaldan deyil, qərbdən gəlir.

“Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi sanksiyalar nə qədər sərt olsa da, Paşinyanın əsas xarici siyasət problemi şimalda deyil, qərbdədir”, - deyə Danielyan vurğulayıb.

O, son həftələrdə beynəlxalq arenada baş verən proseslərə diqqət çəkərək Albaniyada davam edən etiraz aksiyalarını xüsusi qeyd edib.

“Albaniyada keçirilən etiraz aksiyaları artıq dördüncü həftəsinə qədəm qoyub və getdikcə genişlənir. Əvvəllər etirazçılar yalnız Adriatik dənizinə çıxışı nəzarətdə saxlayan adanın Donald Trampa satılmasına qarşı çıxırdılarsa, indi artıq “Yeni Albaniya” ideyasını irəli sürürlər”, - deyə o bildirib.

Danielyanın sözlərinə görə, etirazçıların korrupsiya və ekoloji problemlərlə bağlı tələblər səsləndirməsinə baxmayaraq, məsələ daha geniş geosiyasi məna daşıyır.

“Hazırkı Albaniya ABŞ və İsraillə çox sıx əlaqələrə malik ölkədir. İran bir il əvvəl Albaniya ilə diplomatik münasibətləri kəsib və bildirib ki, ölkədə fəaliyyət göstərən mücahid qrupları hələ də İran daxilində fəaliyyət göstərirlər. Mövcud Albaniya Avropa İttifaqının Balkanlarda sülh yaratmasına mane olan ölkədir və Almaniyanın Yaxın Şərqə çıxış planları qarşısında ilk maneə hesab olunur”, - deyə o qeyd edib.

Danielyan son həftələrdə dünya siyasətində baş verən hadisələri də sadalayıb.

“Kanadanın baş naziri yeni dünya düzəninin Avropada qurulacağını bəyan etdi. İran ABŞ-ni öz şərtləri ilə danışıqlar masasına əyləşdirməyə nail oldu. Almaniya kansleri Fridrix Mertsin istefası tələbləri gücləndi. İspaniyanın baş nazirinin həyat yoldaşına qarşı cinayət işi açıldı. Böyük Britaniyanın baş naziri Kir Starmer istefa verdi, onu daha çox avropameylli və İsrailə qarşı sərt mövqeli siyasətçi əvəz etdi. ABŞ Prezidenti ilə İtaliyanın baş naziri arasında gərginlik yarandı. Polşa və Baltikyanı ölkələr Ukrayna ilə ciddi fikir ayrılığı yaşadılar”, - deyə o bildirib.

Danielyan Türkiyənin regiondakı fəaliyyətlərinə də toxunub.

“Türkiyə Prezidenti Yunanıstanı İsraillə əməkdaşlığa görə cəzalandıracağını açıqladı, daha sonra Suriya və Livandakı təsirini artırdı. Eyni zamanda ölkə daxilində bir gecədə 200-dən çox problemli şəxs saxlanıldı”, - deyə o vurğulayıb.

O qeyd edib ki, İran da bölgə ilə bağlı mövqeyini yenidən açıqlayıb.

“İran bir daha bəyan etdi ki, öz cənubunda, yəni Zəngəzurda ABŞ qüvvələrinin yerləşdirilməsinə imkan verməyəcək. Maraqlıdır ki, bu günə qədər həmin ərazidə Avropa qüvvələrinin yerləşdirilməsi ilə bağlı etiraz etməyib”, - deyə Danilyan bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Brüsselə səfər edərək genişləndirilmiş əməkdaşlıq üçün zəmin hazırlamağa çalışıb, Avropa Komissiyası isə Ermənistana vəd edilən 50 milyon avro əvəzinə 32 milyon avro ayırıb.

“Bu vəsait Paşinyanın Rusiya bazarında yaranmış təxminən 1 milyardlıq itkiləri kompensasiya etməsi üçün ayrılıb”, - deyə o qeyd edib.

Danielyan hesab edir ki, gələcəkdə Ermənistanın əsas problemi məhz bu geosiyasi dəyişikliklərlə bağlı olacaq.

“Paşinyanın əsas problemi Moskva deyil. Onun əsas problemi daha tələbkar Avropa İttifaqı olacaq. Bu halda buğda da, benzin də, internet də Azərbaycandan keçməklə Rusiyadan deyil, Türkiyə vasitəsilə Ermənistana çatdırılacaq. Əgər “Yeni Albaniya” layihəsi reallaşarsa, Avropa İttifaqına məhz bu lazım olacaq”, - deyə Danielyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Danielyan   Rusiya    


Bizi "telegram"da izləyin