Qaluzin Ermənistanda referendumla bağlı gözləntiləri açıqlayıb

2026/06/1782737677.jpg
Oxunub: 243     16:44     29 İyun 2026    
“Ermənistanın həm Avropa İttifaqına üzv olmaq niyyətini qanunvericilikdə təsbit edib, həm də Avrasiya İqtisadi Birliyinin bütün üstünlüklərindən yararlanmağa davam etməsi AİB üzvləri üçün qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ilə bağlı siyasətini şərh edərkən deyib.

Qaluzin bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün Ermənistanın bir tərəfdən Avropa İttifaqına üzvlük niyyətini qanunvericilikdə təsbit etməsi, digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinin üzvü kimi bütün imtiyazlardan yararlanmağa davam etməsi qəbuledilməzdir.

Onun sözlərinə görə, Moskva Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı referendum keçirməyə tələsməməsini başa düşmür.

“Bildiyiniz kimi, mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarus liderləri Ermənistanın bu siyasətinin Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadi təhlükəsizliyi üçün yaratdığı risklərlə bağlı narahatlıqlarını ifadə ediblər”, - deyə Qaluzin bildirib.

Diplomat qeyd edib ki, dekabr ayına qədər ekspertlər Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakının mümkün dayandırılmasının həm iqtisadi, həm də hüquqi nəticələrini araşdıracaqlar.

Qaluzin xatırladıb ki, Avrasiya İqtisadi Birliyinə üzv dörd ölkənin prezidentləri birgə bəyanatda Ermənistanın bu məsələ ilə bağlı yaxın vaxtlarda referendum keçirməsinin vacibliyini dəstəkləyiblər.

“Çünki Ermənistan qanunvericiliyinə əsasən, ölkənin fövqəldövlət inteqrasiya qurumlarına üzvlüyü üçün referendum keçirilməsi zəruri şərtdir.

Bu səbəbdən, açığını desəm, Ermənistan rəhbərliyinin ölkə vətəndaşlarından bu son dərəcə mühüm məsələ ilə bağlı mövqelərini soruşmağa niyə tələsmədiyini tam anlaya bilmirik.

İstisna etmirəm ki, bu tələskənliyin olmamasının arxasında müəyyən siyasi konyunktura mülahizələri dayanır”, - deyə Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.

Qaluzin əlavə edib ki, Avrasiya İqtisadi Birliyi üzvləri üçün Ermənistanın rəsmi şəkildə “Avropa İttifaqına inteqrasiya” kursunu elan etməsi və bunu qanunvericilikdə təsbit etməsi, eyni zamanda AİB üzvlüyünün bütün üstünlüklərindən istifadə etməyə davam etməsi yolverilməzdir.

RTVI-nin Ermənistanın hələ Avropa İttifaqına rəsmi üzvlük ərizəsi vermədiyi və namizəd statusu almadığı barədə qeydini cavablandıran Qaluzin bunun prinsipial əhəmiyyət daşımadığını bildirib.

“Mən sizinlə razı deyiləm. Mənim fikrimcə, ötən ilin aprelində Ermənistanda “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun qəbul olunub.

Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlandığını təsdiqləmək üçün bundan artıq nə lazımdır? Bu mövzu ilə bağlı xüsusi qanun qəbul edilib və mən burada başqa cür şərh görmürəm”, - deyə o bildirib.

Qaluzin vurğulayıb ki, əsas məsələ Ermənistanın konkret hansı addımları atması deyil, parlament tərəfindən qəbul edilmiş və ölkə prezidenti tərəfindən imzalanmış qanunun mövcudluğudur.

“Prinsipial əhəmiyyət kəsb edən məsələ konkret hansı addımların atılması deyil. Əsas məsələ ondan ibarətdir ki, parlament tərəfindən qəbul edilmiş və ölkə prezidenti tərəfindən imzalanmış qanun var.

Bundan əlavə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına yönəlmiş praktiki addımlar da atılır”, - deyə Qaluzin sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Ermənistan  


Bizi "telegram"da izləyin