İran İslamabad anlaşma memorandumunu yekun razılaşma üçün ilkin şərt hesab edir - XİN

2025/06/1751271322.jpg
Oxunub: 178     14:41     23 İyun 2026    
Tehran İran və ABŞ arasında imzalanan İslamabad anlaşma memorandumunu yekun razılaşma üçün müzakirələrin başlanmasına ilkin şərt hesab edir.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (23 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Tehran İslamabad anlaşma memorandumunu, onun bəzi maddələrini, xüsusilə də 1, 4, 5, 10 və 11-ci maddələrini yekun razılaşmanın əldə olunması üçün müzakirələrin ilkin şərti hesab edir. Bu maddələr çox önəmlidir. Lakin eyni zamanda anlaşmanın bütün müddəalarının icrası həyata keçirilməlidir”, - deyə o bildirib.

Bəqai bildirib ki, ötən gün İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadinin rəhbərliyi ilə texniki müzakirələr davam edib. Hazırda anlaşma memorandumunda dərc olunan müxtəlif sahələr üzrə 4 işçi qrupu təşkil olunub və onun icrasını diqqətdə saxlayır.

“İran, ABŞ və iki vasitəçi ölkə (Qətər və Pakistan) nümayəndələrindən ibarət anlaşma memoranumunun icrasına nəzarət ali komitə təşkil olunub. Aşağı səviyyədə də işçi qrupları lazım olduğu vaxtda gələn günlərdə iclas təşkil edəcəklər.

Anlaşma memorandumunda iki müəyyən öhdəlik var. Birincisi yekun razılaşmadan sonra 30 gün ərzində ABŞ hərbi qüvvələrini İranın ətrafındakı bölgədən çıxarmalıdır. Bu məsələ anlaşma memorandumunun 4-cü bəndində qeyd olunub və danışıqlar zamanı onun detalları haqda müzakirə aparılacaq.

ABŞ tərəfinin qəbul etdiyi başqa bir məsələ var. Müzakirələr dövründə ABŞ regiondakı mövcud hərbi qüvvələrinin sayını artırmamalıdı. Hər iki məsələnin icra edilməsini İran diqqətlə izləyir”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin