Ordu.az xəbər verir ki, Hersoq bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, İsrail və Livan arasında ərazi mübahisələri yoxdur və saziş hətta sabah da imzalana bilər. Lakin bu prosesə əsas maneə “Hizbullah” hərəkatıdır.
“Livanla saziş sabah imzalana bilər. Ərazi mübahisələri yoxdur. Lakin mən beynəlxalq ictimaiyyətə daim xatırlatmalı oluram ki, “Hizbullah” terror təşkilatıdır və bu prosesə veto qoyur. Bundan əlavə, İranın Livan-İsrail məsələsinə cəlb olunması böyük səhvdir”, - deyə Hersoq bildirib.
İsrail Prezidenti həmçinin Livandakı BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) hərbçiləri ilə bağlı baş vermiş insidentə də toxunub. O, hadisəni səhv adlandıraraq İsrailin məsələ ilə bağlı araşdırmanı davam etdirdiyini qeyd edib.
Hersoq vurğulayıb ki, İsrailin UNIFIL tərkibində xidmət edən italyan hərbçiləri ilə heç bir problemi yoxdur. Bununla belə, onun fikrincə, missiyanın mandatı “Hizbullah”ın İsrail sərhədi yaxınlığında silah toplamasının qarşısını almaq üçün kifayət etmir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Livan və İsrail nümayəndə heyətlərinin iyunun 23-25-də Vaşinqtonda görüşəcəyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az