Overçuk: “AİB Ermənistan əleyhinə addımlar atmaq istəmir, lakin onun Aİ-yə yönəlməsi narahatlıq yaradır”

2026/06/1780640461.jpg
Oxunub: 247     10:19     05 İyun 2026    
“Avrasiya İqtisadi Birliyi Ermənistan əleyhinə hər hansı tədbirlər görmək niyyətində deyil, lakin İrəvanın Avropa İttifaqına yaxınlaşması təşkilatda ciddi suallar doğurur”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində deyib.

Rusiyalı rəsminin sözlərinə görə, Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir və bu istiqamətdə hər hansı pozuntu qeydə alınmayıb.

“Heç kim Avrasiya İqtisadi Birliyi tərəfindən Ermənistana qarşı konkret addımlar atılmasını istəmir. Ermənistan təşkilatın tamhüquqlu üzvüdür və bütün öhdəliklərini vicdanla yerinə yetirir. Biz daim Ermənistanın normativ-hüquqi bazasını təhlil edirik və öhdəliklərdən yayınma halları aşkar etmirik”, - deyə Overçuk bildirib.

Bununla belə, o, Ermənistan rəhbərliyinin Avropa standartlarına keçmək istəyi ilə bağlı açıqlamalarının narahatlıq yaratdığını vurğulayıb.

Overçuk qeyd edib ki, Avropa İttifaqında müsbət tərəflər çoxdur, lakin təşkilat son illərdə ciddi transformasiyaya məruz qalıb.

“Avropa standartlarının hamısı pis deyil. Orada çoxlu müsbət nümunələr var. Lakin bizi narahat edən başqa məsələdir. Avropa İttifaqı artıq əvvəlki kimi yalnız iqtisadi inteqrasiya qurumu deyil. Bu təşkilat tədricən hərbi-siyasi ittifaqa çevrilib və hazırda ölkəmizə qarşı düşmən münasibət nümayiş etdirir”, - deyə o bildirib.

Overçuk əlavə edib ki, məhz buna görə Moskva Ermənistanın gələcək kursu ilə bağlı suallar verir.

“Ermənistan hara gedir? Bu siyasətin nəticələri nə olacaq? Nəyə görə biz bu hərəkəti dəstəkləməliyik? Bizi düşündürən əsas məsələlər bunlardır”, - deyə Rusiya rəsmisi vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin