“TRIPP Ermənistanın təhlükəsizlik təminatçısına çevriləcək” - Mirzoyan

2026/06/1780599057.jpg
Oxunub: 204     22:48     04 İyun 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh prosesinin niyə beynəlxalq təminatçılara ehtiyac duymadığını izah edib.

Ordu.az xəbər verir ki, Mirzoyan bu barədə “Hayastan” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, TRIPP (Zəngəzur dəhlizi-red.) Ermənistanın təhlükəsizlik təminatçısına çevriləcək.

Erməni nazir bildirib ki, sülh artıq razılaşdırılıb, müqavilə isə paraflanıb və tərəflər bununla bir-birinin siyasi müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını Alma-Ata Bəyannaməsinə uyğun olaraq qarşılıqlı şəkildə tanıyırlar.

O, müxalifətin narahatlıqlarını əsassız adlandıraraq əldə olunan nəticələrin mühüm nailiyyət olduğunu qeyd edib.

“İstənilən müqavilənin əsas təminatçısı qarşılıqlı faydadır və sənəd tərəflər üçün faydalı olduğu müddətdə fəaliyyət göstərəcək”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, təminatçı qismində çıxış edən tərəflər adətən öz maraqlarını güdürlər ki, bu da hər zaman müsbət nəticə vermir.

Ermni nazir mənfi nümunə kimi Rusiyanın vaxtilə Ukraynanın təhlükəsizlik təminatçılarından biri olması barədə səslənən bəyanatları göstərib.

Bu gün Ermənistan XİN tərəfindən elan edilən TRIPP üzrə çərçivə sazişinin imzalanmasına toxunan Mirzoyan qeyd edib ki, sənəd məsafədən imzalanıb, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda, özü isə İrəvanda olub.

“Saziş ilkin olaraq ABŞ dövlət katibinin İrəvana qısa səfəri zamanı paraflanmışdı. Sənəd hələ ratifikasiya edilməlidir, daha sonra isə birgə şirkətin nizamnaməsi və səhmdarlar arasında razılaşma hazırlanacaq. Şirkət yaradıldıqdan sonra dəmir yolunun tikintisi ilə bağlı tender elan ediləcək və ya ilkin mərhələdə elektrik enerjisinin ötürülməsi hissəsi həyata keçiriləcək”, - deyə Ermənistan xarici işlər naziri qeyd edib.

Mirzoyan hesab edir ki, bu layihə Ermənistanı nəqliyyat çıxılmazlığından Şərqlə Qərb arasında körpüyə çevirəcək.

“Bizim kiçik ölkəmiz sülh qovşağına çevrilir”, - deyə o bildirib.

Erməni nazir müxalifətin daha yaxşı şərtlərin əldə oluna biləcəyi ilə bağlı iddialarını rədd edərək onları “utopik” və ya “qərəzli nağıllar” adlandırıb.

Onun sözlərinə görə, “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) adlandırılan layihə iqtisadi baxımdan Ermənistan üçün çox sərfəlidir.

Mirzoyan qeyd edib ki, layihə Ermənistan üçün Azərbaycan və Türkiyənin infrastrukturunu açacaq, eyni zamanda üçüncü ölkələrin də Ermənistan üzərindən bir-biri ilə əlaqələnməsinə imkan yaradacaq.

“Bu, qiymətlərə müsbət təsir göstərəcək və erməni istehsalçıları üçün yeni imkanlar açacaq. Ermənistan mühüm nəqliyyat qovşağına çevrilməklə əlavə təhlükəsizlik təminatları əldə edir”, - deyə o bildirib.

Mirzoyan vurğulayıb ki, TRIPP layihəsi yalnız sülhün bərqərar olması nəticəsində mümkün olub və onun daha da möhkəmlənməsinə xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin