“Past”: Ermənistanda xroniki idarəetmə böhranı və sistemli bacarıqsızlıq

2026/06/1780484259.jpg
Oxunub: 296     21:57     04 İyun 2026    
Ermənistanın 2026-cı ilin ilk rübü üzrə dövlət büdcəsinin icrasına dair açıqlanan göstəricilər ölkədə iqtisadi idarəetmənin səmərəliliyi ilə bağlı ciddi suallar doğurub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Past” qəzeti hesab edir ki, büdcə rəqəmləri dövlət idarəçiliyində sistemli problemlərin mövcudluğunu ortaya qoyur.

Nəşrin dərc etdiyi məqalədə dövlət büdcəsinin gəlirlərinin planı üstələməsinə baxmayaraq, xərclərin nəzərdə tutulan səviyyədən xeyli geri qalmasının diqqət çəkdiyi vurğulanıb.

“2026-cı ilin ilk rübündə dövlət büdcəsinin ümumi gəlirləri 668,5 milyard dram təşkil edib ki, bu da dəqiqləşdirilmiş rüblük plandan 5,2 faiz çoxdur. Bununla yanaşı, faktiki xərclər cəmi 603,3 milyard dram olub. Bu göstərici nəzərdə tutulan məbləğdən 29,6 faiz və ya 254,2 milyard dram azdır.

Əsas problem dövlətin daha çox vəsait toplamasında deyil, həmin vəsaiti iqtisadiyyata, infrastruktur layihələrinə, sosial proqramlara, təhlükəsizlik tədbirlərinə və inkişaf siyasətlərinə vaxtında yönləndirə bilməməsindədir”, - deyə müəllif yazıb.

Məqalədə “Luys” Fondunun bu mövzu ilə bağlı hazırladığı analitik hesabatdan da sitatlar təqdim olunub. Hesabatda vurğulanır ki, büdcə xərclərinin aşağı səviyyədə icra olunması real iqtisadiyyatda tikilməyən yollar, təmir olunmayan məktəblər, həyata keçirilməyən müdafiə layihələri, gecikən sosial proqramlar və zəifləyən iqtisadi fəallıq deməkdir.

Qəzet bildirir ki, büdcədə nəzərdə tutulan vəsaitlər iqtisadiyyata daxil olmadıqda tələb artımı, yeni iş yerlərinin yaradılması, biznes fəallığının genişlənməsi və infrastrukturun inkişafı ləngiyir. Xüsusilə kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlarda dövlət xərcləri iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Məqalədə ən ciddi problemlərdən birinin kapital xərclərinin icrasındakı geriləmə olduğu qeyd edilir. Bildirilir ki, ümumi geriqalmanın 54 faizi və ya 137,4 milyard dramı məhz qeyri-maliyyə aktivlərinə yönəlməli olan xərclərin payına düşür.

“Kapital xərcləri əsasən yol tikintisi, məktəb tikintisi, enerji və kommunal infrastruktur, müdafiə sənayesi, rəqəmsallaşma layihələri və dövlət idarəetməsinin modernləşdirilməsi kimi strateji istiqamətlərə yönəldilir. Bu sahələrdə geriqalma gələcək inkişaf imkanlarının itirilməsi kimi qiymətləndirilir.

Kapital xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 faiz azalıb və plan göstəricilərindən dörd dəfədən çox geri qalıb. Qəzet bunu təsadüfi hal deyil, dövlət idarəetməsində sistemli bacarıqsızlığın göstəricisi hesab edir”, - deyə müəllif qeyd edib.

Nəşr müdafiə sahəsindəki vəziyyətə də xüsusi diqqət çəkib. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin proqramlarının icra səviyyəsi cəmi 39,9 faiz təşkil edib. Məqalədə bu göstəricinin ölkənin mövcud təhlükəsizlik şəraiti fonunda ciddi narahatlıq doğurduğu vurğulanır.

Təhsil, elm, mədəniyyət və idman sahələrində də aşağı icra göstəricilərinin qeydə alındığı bildirilir. Müvafiq nazirliyin proqramlarının icra səviyyəsi 65,6 faiz olub. Məqalədə bunun məktəb tikintisi, təhsil islahatları, elmi inkişaf və insan kapitalının formalaşdırılması istiqamətində planlaşdırılan layihələrin tam həyata keçirilmədiyini göstərdiyi qeyd olunur.

Ərazi idarəetməsi və infrastruktur sahəsində də vəziyyətin qənaətbəxş olmadığı vurğulanır. Nəşrə görə, müvafiq nazirliyin proqramlarının icrası cəmi 62,7 faiz təşkil edib ki, bu da yol, su, enerji və kommunal infrastruktur layihələrinin gecikdiyini və ya tam icra olunmadığını göstərir.

Qəzet xarici maliyyələşmə sahəsindəki geriləməni də diqqətə çatdırıb. Bildirilir ki, xarici mənbələr hesabına maliyyələşdirilən xərclərin xüsusi çəkisi cəmi 0,7 faiz və ya 4,3 milyard dram olub. Bu göstərici nəzərdə tutulan səviyyədən təxminən dörd dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 dəfə aşağıdır.

“Bu vəziyyət beynəlxalq tərəfdaşlarla əməkdaşlığın zəifləməsinə, proqramların səmərəsizliyinə, inzibati problemlərə və beynəlxalq etimadın azalmasına işarə edə bilər. Büdcə göstəricilərinin aşağı səviyyədə icrası siyasi baxımdan da ciddi nəticələr doğurur. Hökumətin irəli sürdüyü genişmiqyaslı iqtisadi və strateji proqramların əhəmiyyətli hissəsinin reallaşmaması cəmiyyətdə etimad böhranını dərinləşdirir”, - deyə müəllif qeyd edib.

Nəşr sonda vurğulayır ki, təkcə kapital xərcləri deyil, cari xərclər də 17,2 faiz səviyyəsində geriqalma nümayiş etdirib. Məqalədə bildirilir ki, bütün istiqamətlər üzrə eyni vaxtda müşahidə olunan problemlər artıq ayrı-ayrı sahələrin deyil, bütövlükdə idarəetmə modelinin səmərəsizliyindən xəbər verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin