Ukrayna müharibəsinin dərsləri Avropada artilleriyanın yenidən yüksəlişinə səbəb olub

2026/06/1781883419.jpg
Oxunub: 289     19:38     19 İyun 2026    
Rusiyanın Ukraynaya qarşı müharibəsindən çıxarılan nəticələr Avropanın uzaqmənzilli atəş gücü ilə bağlı yanaşmasını dəyişdirib və son illərdə artilleriya sistemlərinə böyük investisiyaların yatırılmasına gətirib çıxarıb.

Ordu.az xəbər verir ki, Avropa hökumətləri 2022-ci ildən etibarən təxminən 1400 özüyeriyən haubitsa və 400-dən çox yaylım atəşli reaktiv sistem üçün müqavilə imzalayıblar.

“Shephard Defence Insight” analitiki doktor Piter Magill 2026-cı il iyunun 17-də Eurosatory 2026 sərgisində çıxışı zamanı bu prosesi “artilleriya intibahı” adlandırıb. Onun sözlərinə görə, bu tendensiya əsasən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından əldə edilən təcrübə və Avropada yüksək intensivlikli münaqişə ehtimalının artması ilə əlaqədardır.

Soyuq müharibənin başa çatmasından sonra Avropanın bir çox ölkəsi silahlı qüvvələrini kiçildərək sülhməramlı əməliyyatlara, sabitliyin qorunmasına və qiyamçılara qarşı mübarizəyə üstünlük vermişdi. Ağır zirehli texnika və uzaqmənzilli atəş gücü ikinci plana keçdiyindən artilleriya parklarında ciddi azalmalar müşahidə olunurdu.

Magillin sözlərinə görə, Almaniya 1990-cı ildə təxminən 1200 sistemdən ibarət olan özüyeriyən haubitsa parkını 2020-ci ilə qədər təxminən 100 sistemə qədər azaldıb. Böyük Britaniya isə 2022-ci ildə silahlanmada olan 68 AS90 özüyeriyən artilleriya qurğusunun yalnız yarısını döyüş hazırlığında saxlaya bilib.

Ukraynadakı müharibə bu yanaşmanın yenidən qiymətləndirilməsini zəruri edib. Artilleriya bölmələri müdafiə əməliyyatlarının dəstəklənməsində, əks-hücumların həyata keçirilməsində, eləcə də cəbhə arxasındakı logistika və komanda məntəqələrinin vurulmasında həlledici rol oynayıb.

Məlumatlara görə, 2024-cü il ərzində hər iki tərəfdə qeydə alınan şəxsi heyət və texnika itkilərinin təxminən 80 faizi uzaqmənzilli atəş vasitələrinin fəaliyyəti nəticəsində baş verib.

Artan maraq genişmiqyaslı satınalmalara da səbəb olub. 2022-ci ildən bəri NATO-nun Avropadakı üzv ölkələri 14 ölkədə təxminən 1400 özüyeriyən haubitsa və 11 ölkədə 400-dən çox yaylım atəşli reaktiv sistem üçün müqavilələr bağlayıblar.

Polşa hər iki kateqoriyada ən böyük alıcı kimi ön plana çıxıb. Estoniya, Litva və Rumıniya da yeni artilleriya imkanlarına ciddi vəsait ayırıblar.

Modernləşdirmə proqramlarının ümumi dəyəri 31,7 milyard dollara çatıb. Bunun 21,5 milyard dolları özüyeriyən artilleriya sistemlərinə, 10,2 milyard dolları isə yaylım atəşli reaktiv sistem proqramlarına yönəldilib. Təkcə Polşanın payına təxminən 12 milyard dollar düşür.

Bazarda ən uğurlu sistemlərdən biri Cənubi Koreyanın “Hanwha Aerospace” şirkətinin istehsalı olan K9 “Thunder” özüyeriyən haubitsası olub. Bu sistem üzrə 2022-ci ildən bəri 698 ədəd sifariş verilib. KNDS şirkətinin Caesar və RCH 155 sistemləri də böyük maraq görüb.

Yaylım atəşli reaktiv sistemlər seqmentində isə Cənubi Koreyanın K239 “Chunmoo” sistemi ABŞ istehsalı olan HIMARS və İsrail istehsalı olan PULS sistemlərini geridə qoyaraq lider mövqeyə yüksəlib.

Ukrayna müharibəsi gələcək tələbləri də formalaşdırır. Pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli silahların geniş yayılması sabit artilleriya mövqelərini daha həssas etdiyindən hərəkətlilik əsas amillərdən birinə çevrilib.

Bu səbəbdən sürətli “vur və uzaqlaş” taktikasını həyata keçirə bilən sistemlərə maraq artır. Eyni zamanda mənzil göstəricisi də kritik əhəmiyyət daşıyır. Müasir artilleriya sistemlərinin Ukraynada cəbhənin hər iki tərəfində formalaşmış təxminən 20 kilometrlik təhlükəli zonadan kənarda fəaliyyət göstərə bilməsi tələb olunur.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə avtomatlaşdırma, insanlı və insansız platformaların birgə fəaliyyəti, eləcə də birtərəfli hücum vasitələrinin tətbiqi artilleriyanın inkişaf istiqamətlərini müəyyənləşdirəcək.

Hazırda insansız quru platformaları logistika dəstəyi üçün istifadə olunur. Ordular şəxsi heyətin riskini azaltmaq və döyüş potensialını qorumaq məqsədilə gələcəkdə ekipajlı və ya tam avtonom artilleriya sistemlərinin daha geniş yayılacağını proqnozlaşdırırlar.

Bununla yanaşı, Avropa hökumətləri üçün yeni sistemlərin alınması problemin yalnız bir hissəsidir. Ukrayna müharibəsinin göstərdiyi kimi, uzunmüddətli artilleriya əməliyyatlarının davam etdirilməsi üçün güclü sursat istehsalı və dayanıqlı təchizat zəncirləri vacib əhəmiyyət daşıyır.

Beləliklə, artilleriyanın modernləşdirilməsi artıq yalnız hərbi qabiliyyət məsələsi deyil, həm də sənaye potensialı məsələsinə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avropa   Müharibə  


Bizi "telegram"da izləyin