Rütte Türkiyə müdafiə sənayesini yüksək qiymətləndirib

2026/06/1781717057.jpg
Oxunub: 243     21:19     17 İyun 2026    
NATO-nun Baş katibi Mark Rütte müdafiə xərclərinin artırılmasının mühüm hissəsinin müdafiə sənayesi istehsalına yönəldiləcəyini bildirərək Türkiyənin güclü müdafiə sənayesi potensialını xüsusi vurğulayıb.

Ordu.az xəbər verir ki, Rütte bu barədə Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısı öncəsi jurnalistlərə açıqlamasında danışıb.

NATO Baş katibi qeyd edib ki, 2025-ci ildə Avropalı müttəfiqlər və Kanada müdafiə xərclərini 90 milyard dollardan çox artırıblar. Onun sözlərinə görə, 2026-cı ildə də müdafiə investisiyalarının artımı davam edəcək.

Rütte vurğulayıb ki, müdafiə sənayesi istehsal gücünün artırılması NATO-nun əsas prioritetlərindən biridir. O bildirib ki, müdafiə xərclərindəki artım birbaşa sənaye müəssisələrinə təsir göstərəcək və bu proses Türkiyə üçün mühüm imkanlar yaradacaq.

NATO Baş katibi Türkiyədə 3 mindən çox müdafiə sənayesi şirkətinin fəaliyyət göstərdiyini xatırladaraq, bazarda böyük tələbatın mövcud olduğunu qeyd edib.

Onun sözlərinə görə, müdafiə istehsalındakı çatışmazlıq təkcə Avropanın deyil, bütün NATO-nun ümumi problemidir. Buna görə də ABŞ, Avropa və Kanada istehsal güclərini artırmalıdır.

Rütte əlavə edib ki, Ukrayna müharibəsindən çıxarılan dərslər müdafiə texnologiyalarının və istehsal imkanlarının əhəmiyyətini bir daha ortaya qoyub. O, NATO üzvü olmayan Avropa tərəfdaşlarının da müdafiə layihələrinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

“Avropa baxımından Türkiyə, Norveç və Böyük Britaniya kimi ölkələrin Avropanın həyata keçirdiyi layihələrdə mümkün qədər geniş iştirak etməsi mühüm əhəmiyyət daşıyır”, - deyə Rütte bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin