Ermənistanda deputatlığa namizəd kimi qeydiyyata alınmış şəxs toxunulmazlıqdan məhrum edilib

2026/06/1781700008.jpg
Oxunub: 164     16:35     17 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokunun seçki siyahısında yer alan David Qaziniyan barəsində cinayət təqibinə başlanılması ilə bağlı Baş Prokurorluğun təqdimatını təmin edib.

Ordu.az xəbər verir ki, qərar iyunun 17-də keçirilən iclasda qəbul olunub.

Bundan əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi deputatlığa namizəd kimi qeydiyyata alınmış David Qaziniyanın toxunulmazlığının ləğv edilməsi üçün Baş Prokurorluğa müraciət etmişdi.

Komitənin məlumatına görə, aparılan əməliyyat tədbirləri nəticəsində “Güclü Ermənistan” partiyasının İrəvanın Arabkir inzibati rayonundakı qərargahında məsul şəxs təyin edilmiş şəxslərin, eləcə də David Qaziniyanın seçicilərə rüşvət vəd etməsi və verməsi barədə faktiki məlumatlar əldə olunub.

Bildirilir ki, onlar partiya tərəfdarları və digər şəxslərlə əvvəlcədən razılaşaraq seçiciləri ələ almağa çalışıblar.

Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi başlanıb. Bir neçə nəfər saxlanılıb, axtarışlar aparılıb və digər prosessual tədbirlər həyata keçirilib.

Qərardan sonra David Qaziniyan barəsində rəsmi cinayət təqibinin başlanmasına hüquqi imkan yaranıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaziniyan  


Bizi "telegram"da izləyin