Paşinyanın komanda yoldaşı: “Növbədənkənar seçkilərə getmək niyyətimiz yoxdur”

2026/06/1781701274.jpg
Oxunub: 203     16:59     17 İyun 2026    
“Hakimiyyətin növbədənkənar parlament seçkiləri keçirmək niyyəti yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Alxas Qazaryan iyunun 17-də parlamentdə jurnalistlərlə söhbətində seçki qanunvericiliyinə təklif olunan yeni dəyişiklikləri şərh edərkən deyib.

Qazaryan qeyd edib ki, Ermənistanda yaşayan və gələcəyini ölkə ilə bağlayan vətəndaşların əvəzinə, ölkə ilə faktiki əlaqəsi olmayan şəxslərin hakimiyyətin formalaşmasında həlledici rol oynaması yolverilməzdir.

Təklif olunan qanun layihəsinə əsasən, ümumrespublika seçkilərində və referendumlarda iştirak etmək üçün yaşayış senzinin tətbiqi nəzərdə tutulur. Layihəyə görə, son bir il ərzində 6 aydan çox, yəni 183 gün ölkə xaricində olmuş vətəndaşlar müvəqqəti olaraq səsvermə hüququndan məhrum ediləcəklər. Səbəb kimi onların həyati maraqlar mərkəzinin ölkə xaricində yerləşməsi göstərilir.

Erməni deputat bildirib ki, bu cür məhdudiyyətlər bir çox xarici ölkələrdə uğurla tətbiq olunur və seçicilər aktiv və passiv kateqoriyalara bölünür.

Onun sözlərinə görə, layihədə xaricdə təhsil alan, dövlət xidmətində çalışan və ya diplomatik missiyalar yerinə yetirən vətəndaşlar üçün istisnalar nəzərdə tutulub, gələcək müzakirələr zamanı müalicə məqsədilə xaricə gedən şəxslərin də bu siyahıya daxil edilməsi mümkündür.

Qazaryan vurğulayıb ki, belə köklü dəyişikliklərə ehtiyac son seçkilərdən sonra yaranıb.

“Hakimiyyət seçkilər zamanı yalnız səs vermək məqsədilə Ermənistana gələn və dərhal geri qayıdan şəxslərin təşkilatlanmış şəkildə daşındığını müşahidə edib. Sosial şəbəkələrdə yayılan videolarda bəzi şəxslər seçkidən dərhal sonra ölkəni tərk edəcəklərini açıq şəkildə etiraf edirdilər.

Seçicilərin bu cür kütləvi daşınması müəyyən siyasi qüvvələr tərəfindən koordinasiya olunub. Lakin həmin qüvvələrin gözləntiləri özünü doğrultmayıb, çünki seçicilər yerində real vəziyyəti görərək fərqli qərarlar qəbul ediblər. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi artıq seçki rüşvəti ilə bağlı çoxsaylı işləri hüquq-mühafizə orqanlarına göndərib”, - deyə o qeyd edib.

Xaricdən səs vermək üçün gələn vətəndaşların sayı barədə konkret statistikanı açıqlamaqdan imtina edən erməni deputat bildirib ki, bütün miqrasiya və aidiyyəti qurumların məlumatları parlamentin plenar iclasında təqdim olunacaq.

Jurnalistlərin bu dəyişikliklərin mümkün növbədənkənar seçkilərlə əlaqəli olub-olmaması barədə sualını cavablandıran Qazaryan belə ehtimalları qəti şəkildə rədd edib.

“Bizim növbədənkənar seçkilərə getmək niyyətimiz qətiyyən yoxdur”, - deyə o vurğulayıb.

Erməni deputat bildirib ki, dəyişikliklər yalnız seçki prosesinin sistemli şəkildə tənzimlənməsinə yönəlib.

Qazaryan həmçinin qeyd edib ki, hazırda müxtəlif alternativ variantlar da müzakirə olunur, onlardan biri son üç il ərzində ən azı ilyarım ölkədə yaşamış şəxslər üçün yaşayış senzinin tətbiq edilməsidir.

O izah edib ki, xaricdən qayıdan vətəndaş seçkilərin elan olunduğu günə qədər son bir ildə tələb olunan 6 aylıq yaşayış müddətini tamamlayarsa, Miqrasiya Xidməti onu səsvermədən 48 gün əvvəl seçici siyahısına daxil edəcək.

Söhbətin sonunda erməni deputat hava limanının xüsusi rejimli zonasındakı müşahidə kameralarının görüntülərinin internetə sızdırılması ilə bağlı qalmaqala da münasibət bildirib.

O qeyd edib ki, hadisənin səbəblərini bilmir və bunun təhlükəsizlik sistemi ilə bağlı məsələ olduğunu vurğulayıb. Qazaryanın sözlərinə görə, məlumat sızmasının nəticələrini aidiyyəti qurumlar araşdırmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin