Ordu.az xəbər verir ki, bu barədə “Wired” jurnalı ABŞ Müharibə Nazirliyinin rəqəmsal texnologiyalar və süni zəka üzrə baş direktoru Kemeron Stenlinin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Grok” artıq ABŞ-nin süni zəka əsaslı hədəfləmə proqramı olan “Maven Smart Systems” layihəsi çərçivəsində tətbiq olunur. Sözügedən sistem ilkin mərhələdə “Anthropic” şirkətinin “Claude” modeli əsasında fəaliyyət göstərib.
Stenli Maskın texnologiyasını yüksək qiymətləndirərək bildirib ki, “Grok” idarəetmə modeli əməliyyat səmərəliliyində ciddi artım təmin edib.
Onun açıqlamasına görə, “Maven Smart Systems” layihəsinin ağıllı sistemləri “Epik Qəzəb” əməliyyatı zamanı ABŞ qüvvələrinə 96 saat ərzində 2 mindən çox müxtəlif hədəfə qarşı 2 mindən artıq sursat tətbiq etməyə imkan verib.
Məlumata görə, Pentaqon daha əvvəl “Grok” çatbotunun məxfi sistemlərdə istifadəsinə də icazə verib. Mənbələr bildirirlər ki, sistem kəşfiyyat məlumatlarının emalı, silah sistemlərinin hazırlanması və döyüş əməliyyatları ilə bağlı məxfi sahələrdə tətbiq olunur.
Bundan əvvəl həmin sistemlərdə yalnız “Claude AI” modelinin istifadəsinə icazə verilirdi. Lakin 2026-cı ilin mart ayında ABŞ Müharibə Nazirliyi “Anthropic” şirkətini “təchizat zənciri üçün təhlükə” kimi qiymətləndirərək onunla əməkdaşlığı dayandırıb.
Mübahisənin səbəbi Pentaqonun “Anthropic” məhsullarının “bütün qanuni məqsədlər üçün” istifadəsinə icazə verilməsi tələbi olub. Şirkət rəhbərliyi isə ölkə daxilində kütləvi izləmə və ölümcül avtonom silah sistemlərinin yaradılması istisna olmaqla bu tələbi qəbul etməkdən imtina edib.
Sevinc Əliyeva
Ordu.az