“Politico”: ABŞ Hörmüz boğazından ödənişli keçid tətbiq etməyi nəzərdən keçirir

2026/06/1781158702.jpg
Oxunub: 183     14:17     17 İyun 2026    
ABŞ administrasiyası Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətini bərpa etmək üçün müxtəlif variantları müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini yenidən Hörmüz boğazı marşrutundan istifadə etməyə təşviq edəcək mexanizmlər axtarır.

Müzakirə edilən variantlardan biri ABŞ hərbi gəmilərinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid imkanının yaradılmasıdır. Bu modelə əsasən, gəmilər əlavə ödəniş müqabilində xüsusi “VIP keçid” əldə edə biləcəklər.

“Politico” qeyd edir ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.

“Kpler” analitik şirkətinin məlumatına görə, hazırda Hörmüz boğazının girişində, Fars körfəzi ərazisində təxminən 500 gəmi gözləmə vəziyyətindədir. Onlardan 220-si boğazdan keçid növbəsini gözləyən neft tankeridir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yenidən gəmiçilik üçün açıq olduğunu bəyan etmişdi. Buna baxmayaraq, bir çox gəmi sahibləri bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən ehtiyat edərək marşrutdan istifadə etməkdə tələsmirlər.

Qeyd edək ki, böhrandan əvvəl dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazından keçirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin