Paşinyan müxalifətə meydan oxudu: “Səsi oğurlananlar meydana çıxsın”

2026/06/1781704663.jpg
Oxunub: 185     18:00     17 İyun 2026    
“Seçkilərdən sonra mənim üçün əsas prioritet Ermənistan-Azərbaycan sülh prosesinin dinamikasını qorumaq olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdə hökumətlə keçirilən sual-cavab sessiyası zamanı deyib.

Paşinyanın sözlərinə görə, seçkilərdən dərhal sonra sülh prosesinin tempini itirməmək vacib idi və sonradan məlum olub ki, bu yanaşma Azərbaycan tərəfində də mövcuddur.

Ermənistanın Baş naziri qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi arasında görüş keçirilib və həmin görüşün əsas məqsədi sülh prosesinin dinamikasını bərpa etmək olub.

“İkitərəfli birbaşa təmaslar öz effektivliyini göstərir. Bu formatda ilk dəfə görüş Ermənistan ərazisində keçirilib və növbəti görüşün Azərbaycanda baş tutacağını ehtimal edirəm. Bu təmaslar Ermənistan və Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir.

Ermənistanda ölkənin 29 743 kvadratkilometr ərazi ilə kifayətlənməməli olduğunu düşünən yüz minlərlə insan yoxdur. Bu rəqəmlərin arxasında seçki rüşvəti dayanır və həmin səslər cəmiyyətin real əhval-ruhiyyəsini əks etdirmir”, - deyə o bildirib.

Ermənistanın Baş naziri müxalifətin seçkilərin saxtalaşdırılması ilə bağlı iddialarını da sərt şəkildə rədd edib.

“Əgər seçkilər saxtalaşdırılıbsa, niyə meydanlar boşdur? Kimin səsi oğurlanıb? Səsi oğurlanmış insanların liderləri niyə evdə oturublar? Əgər həqiqətən səsləri saxtalaşdırılıbsa, meydana çıxsınlar”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, müxalifət küçəyə çıxmağa cəsarət etmir, çünki həmin halda seçki rüşvəti ilə səsləri mənimsənilən insanlar da meydanlara çıxacaqlar.

Paşinyan bəyan edib ki, belə bir vəziyyət yaranarsa, həmin insanlara şəxsən özü rəhbərlik edəcək.

“İnsanlar o zaman sevgi və həmrəylik inqilabının deyil, əsl inqilabın nə olduğunu görəcəklər”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

O, müxalifət liderlərini də açıq şəkildə meydanlara çıxmağa çağırıb və onların seçkilərdən sonra passiv mövqe tutduqlarını bildirib.

Çıxışının sonunda Paşinyan seçkilərin nəticələrinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının legitim qələbəsi olduğunu qeyd edib və seçkilərin saxtalaşdırıldığı barədə iddiaları qəti şəkildə rədd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin