Zelenski ilin sonunadək PUA istehsalını 20 milyona çatdırmağın mümkün olduğunu bildirib

2026/06/1780501213.jpg
Oxunub: 208     14:14     17 İyun 2026    
Ukrayna 2026-cı ilin sonunadək ən azı 10 milyon pilotsuz uçuş aparatı istehsal edəcək, lakin bu göstəricini iki dəfə artırmaq imkanı da mövcuddur.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammiti çərçivəsində keçirdiyi görüşlərin nəticələrinə dair açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, ölkə hərbi texnologiyalar sahəsində də ciddi irəliləyiş əldə edib. Bu sahəyə pilotsuz sistemlər, robot texnologiyaları, proqram təminatı, süni zəka əsaslı həllər və radioelektron mübarizə vasitələrinin hazırlanması daxildir.

Ukrayna lideri qeyd edib ki, ölkəsi Rusiyanın enerji və hərbi obyektlərinə qarşı uzaqmənzilli Pilotsuz Uçuş Aparatları (PUA) ilə zərbələri davam etdirəcək. O, müttəfiqləri Rusiya Prezidenti Vladimir Putini sülhə məcbur etmək üçün təzyiqi artırmağa çağırıb.

“Putin müharibəni dayandırmaq istəmir. Ona qarşı təzyiq daha da gücləndirilməlidir”, - deyə Zelenski vurğulayıb.

Bu ilin yanvar ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin hərbi-sənaye kompleksinin ildə 8 milyondan çox FPV tipli PUA istehsal etmək imkanına malik olduğunu açıqlamışdı. Həmin vaxt sektorda 160-dan çox şirkət fəaliyyət göstərirdi.

Pilotsuz Sistemlər Qüvvələrinin yaradılmasından ötən bir il ərzində 350 mindən çox hədəfin məhv edildiyi bildirilir. Qüvvələrin komandanı Robert Brovdi “Madyar”ın sözlərinə görə, məhv edilən hədəflər arasında 248 hava hücumundan müdafiə sistemi, 817 tank, 1379 zirehli transportyor, piyadaların döyüş maşını və digər zirehli döyüş texnikaları, 4890 artilleriya qurğusu, 342 özüyeriyən artilleriya qurğusu, 281 yaylım atəşli reaktiv sistem, eləcə də 13 təyyarə və helikopter var.

Brovdi bildirib ki, son dövrlərdə Ukrayna PUA-larının hücumları nəticəsində Rusiya ordusu ayda 30 minədək hərbçi itirir. Onun sözlərinə görə, Pilotsuz Sistemlər Qüvvələrinin fəaliyyət göstərdiyi bir il ərzində Rusiya tərəfinin itkiləri 100 min nəfəri ötüb.

Komandan əlavə edib ki, gələn il 650 min hədəfin, o cümlədən 200 min Rusiya hərbçisinin məhv edilməsi planlaşdırılır. Ukrayna 2024-cü ildə təxminən 1 milyon PUA istehsal etdiyini açıqlamışdı. 2025-ci ildə isə bu göstərici 4 milyona çatdırılıb.

Ötən həftə Ukrayna Prezidenti ilə Latviyanın Baş naziri Andris Kulberqs pilotsuz uçuş aparatlarının birgə istehsalına dair saziş imzalayıblar. Bundan əvvəl Rumıniya Prezidenti Nikuşor Dan da Buxarest və Kiyevin yaxın aylarda PUA-ların birgə istehsalı ilə bağlı danışıqları yekunlaşdıracağını bildirmişdi.

Zelenski həmçinin Kanada ilə “Böyük PUA sazişi” imzalandığını da açıqlayıb.

“The Wall Street Journal”ın məlumatına görə, 2025-ci ilin yazında ABŞ müdafiə startapları Pentaqon üçün pilotsuz sistemlər hazırlamaq məqsədilə Ukrayna istehsalçıları ilə əməkdaşlığa başlayıblar. Nəşr qeyd edir ki, ABŞ şirkətləri milyardlarla dollar xərcləsələr də, bir çox hallarda bahalı və effektivliyi aşağı olan sistemlər yarada biliblər. Ukrayna isə döyüş şəraitində sınaqdan çıxmış PUA-ların kütləvi istehsalını mənimsəyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin