Azərbaycanda süni intellekt sahəsi üçün geniş vergi güzəştləri tətbiq ediləcək

2025/12/1765197683.jpg
Oxunub: 228     14:02     17 İyun 2026    
Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinin inkişafını sürətləndirmək məqsədilə geniş vergi güzəştləri paketi hazırlanıb.

Ordu.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahəsində çalışan yüksəkixtisaslı miqrantların, son 24 ay və daha çox müddətdə Azərbaycanda vergi öhdəliyi olmayan və ya qeyri-rezident statusunda olmuş şəxslərin, ölkəyə qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərin əməkhaqqı gəlirləri üzrə gəlir vergisi 2026-cı il 1 iyul tarixindən etibarən 20 il müddətinə 0 faiz təşkil edəcək.

Qanun layihəsi ilə rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya məhsullarının hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, həmçinin kibertəhlükəsizlik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətin 20 il müddətinə vergidən azad olunması təklif edilir. Eyni güzəşt bu sahədə fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən ödənilən dividendlərə də şamil ediləcək.

Layihədə innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasına da xüsusi dəstək nəzərdə tutulur. Belə ki, elmi-tədqiqat və təcrübə-konstruktor işləri nəticəsində yaradılmış proqram təminatı, innovasiya məhsulu və nou-hau kimi qeyri-maddi aktivlər üzrə royalti, texnologiya transferi və satış əməliyyatlarından əldə edilən gəlirlərin və mənfəətin 95 faizi vergidən azad ediləcək.

Dəyişikliklər həmçinin startap və vençur investisiyalarının təşviqini nəzərdə tutur. Akkreditə olunmuş investorların vençur kapitalı fondlarına, “Startap” şəhadətnaməsi və ya texnopark qeydiyyatı olan şirkətlərə yatırdıqları investisiyaların 100 faizi müəyyən şərtlərlə vergitutulan gəlir və mənfəətdən çıxılacaq. Eyni zamanda, kraudfandinq platformaları vasitəsilə həyata keçirilən investisiyalar, bu investisiyalar üzrə əldə olunan dividendlər, vençur kapitalı fondlarının dividend və kapital artımı gəlirləri də vergi güzəştlərindən yararlanacaq.

Qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərmək üçün ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislərin xarici mənbələrdən əldə etdikləri gəlirlər də 20 il müddətinə vergidən azad ediləcək. Həmçinin bu sahələrdə layihələrin maliyyələşdirilməsi məqsədilə verilən qrantlar və subsidiyalar vergitutulan gəlirə aid edilməyəcək.

Bununla yanaşı, qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istifadə etdikləri əmlak və torpaqlar üzrə 20 il müddətinə əmlak və torpaq vergisindən azadolma tətbiq olunacaq.

Layihədə daha bir mühüm təşviq mexanizmi kimi rəqəmsal texnologiyalar və süni intellekt fəaliyyətində istifadə olunacaq texnika, texnoloji avadanlıq, qurğu, material və xammalın idxalının 2026-cı il 1 iyul tarixindən etibarən 10 il müddətinə vergi və gömrük güzəştlərindən yararlanması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Süni-intellekt  


Bizi "telegram"da izləyin