Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Tramp bunun müqabilində Avropadakı müttəfiqlərindən Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə dəstək göstərməyi tələb edib. Nəşrin mənbələri bildiriblər ki, Ağ Evin rəhbəri bu məsələni G7 sammiti çərçivəsində keçirilən qapalı danışıqlarda qaldırıb.
G7 liderləri boğazın təhlükəsizliyinin təmin edilməsinə dəstək verməyə hazır olduqlarını bildirsələr də, bunun müəyyən şərtlərlə mümkün ola biləcəyini vurğulayıblar. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, minatəmizləmə gəmilərinin göndərilməsi yalnız ABŞ-nin rəsmi müraciəti və prosesdə iştirak edən digər tərəflərin, xüsusilə İran və Omanın razılığı ilə mümkündür.
Məsələ ilə bağlı yekun razılıq əldə olunmasa da, Almaniya Kansleri Fridrix Merts Tramp ilə görüşdən sonra nikbin olduğunu bildirib.
“Politico” yazır ki, bundan əvvəl Avropa liderləri Trampın Ukraynanı ərazi güzəştlərinə məcbur edə biləcəyindən narahat idilər. Lakin ABŞ Prezidenti gözlənilmədən bəyan edib ki, Vaşinqton Rusiyanın neft sektoruna qarşı yenidən sərt sanksiyalar tətbiq etməyə hazırdır.
“Rusiya razılaşma imzalamalıdır”, - deyə Tramp vurğulayıb.
Bundan sonra G7 liderləri Rusiyaya qarşı təzyiqin artırılması ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə neft-qaz sektoruna qarşı sanksiyaların gücləndirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Liderlər həmçinin Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket əleyhinə vasitələr və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəliblər. Bundan əlavə, Kiyevə həmin sistemlərin Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi imkanına da baxılacaq.
G7 ölkələri qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi istiqamətində də əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.
Sevinc Əliyeva
Ordu.az