Aİ Ermənistan üçün Avropa ilə ticarəti daha da asanlaşdıracaq, Kos iyulun 5-də Ermənistana səfər edəcək

2026/06/1781521581.jpg
Oxunub: 207     14:59     15 İyun 2026    
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyulun 5-də Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra “X” sosial şəbəkəsində yazıb.

Kos bildirib ki, Rusiya Ermənistanın son seçkilərdə xalq tərəfindən müəyyən edilmiş demokratik seçimini dəyişdirmək üçün ölkəyə təzyiqləri artırmaqda davam edir.

O qeyd edib ki, Ararat Mirzoyanla görüş keçirib və iyunun 15-də Aİ xarici işlər nazirlərinin iclası formatında üzv dövlətlər Ermənistanın dəstəklənməsinin davam etdirilməsi yollarını müzakirə edəcəklər.

“Biz maliyyə dəstəyi göstərəcəyik və Ermənistan üçün qonşuları və Avropa ilə ticarəti daha da asanlaşdıracağıq. İyulun 5-də İrəvana səfər edəcəyəm ki, konkret addımların irəlilədilməsini müzakirə edək”, - deyə Marta Kos yazıb.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclası formatında keçirilən müzakirələrdə iştirak edir.

Mirzoyan həmin müzakirələrə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə qatılıb.

Qeyd edək ki, Rusiya iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində bir sıra erməni məhsullarının idxalına qadağa və məhdudiyyətlər tətbiq etmişdi.

Həmin qadağa və məhdudiyyətlər indiyədək qüvvədə qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin