Erməni ekspert: “İran Cənubi Qafqazda yalnız təhlükəsizlik deyil, həm də nəqliyyat və iqtisadi aktor kimi çıxış etməyə çalışır”

2026/06/1781326408.jpg
Oxunub: 177     16:08     15 İyun 2026    
“Tehran Cənubi Qafqazı ikinci dərəcəli istiqamət deyil, milli təhlükəsizlik və regional təsir baxımından əsas məkanlardan biri hesab edir”.

Ordu.az xəbər verir ki, bunu İran məsələləri üzrə erməni ekspert, siyasi analitik Aram Şahnazaryan deyib.

Erməni ekspert ABŞ və İsrail ilə İran arasında mümkün yeni hərbi qarşıdurmanın əvvəlki müharibələrdən fərqlənəcəyini bildirib.

“12 günlük və 40 günlük müharibələrdən sonra bütün tərəflər bir-birinin imkanları və zəif tərəfləri barədə daha dolğun təsəvvür əldə ediblər. Növbəti qarşıdurma daha məqsədyönlü, texnoloji və strateji xarakter daşıyacaq”, - deyə Şahnazaryan qeyd edib.

Onun sözlərinə görə, gələcək müharibədə əsas hədəflər qərarvermə mərkəzləri, komanda-idarəetmə sistemi, hava hücumundan müdafiə sistemləri, rabitə və kəşfiyyat infrastrukturu, eləcə də strateji əhəmiyyətli iqtisadi obyektlər olacaq.

“40 günlük müharibə göstərdi ki, ən inkişaf etmiş müdafiə sistemləri belə İranın raket və pilotsuz uçuş aparatı təhlükəsini tam neytrallaşdıra bilmir. Buna görə də gələcəkdə tərəflər rəqibin idarəetmə və cavabvermə imkanlarını zəiflətməyə çalışacaqlar”, - deyə ekspert vurğulayıb.

Şahnazaryan hesab edir ki, növbəti qarşıdurma hərbi əməliyyatlarla yanaşı, kiberməkanda, dəniz sahəsində, iqtisadi və enerji istiqamətlərində də aparılacaq.

“Kiberhücumlar, peyk sistemlərinə qarşı əməliyyatlar, dəniz kommunikasiyalarına nəzarət və enerji bazarlarına təsir birbaşa hərbi əməliyyatlar qədər vacib rol oynayacaq”, - deyə o bildirib.

Erməni ekspert Türkiyə və İsrail arasında münasibətlərin normallaşması ehtimalına da toxunub.

“Əgər Ankara və Təl-Əviv münasibətlərin qismən normallaşdırılması istiqamətində hərəkət etsələr, İran-ABŞ və İsrail arasında mümkün yeni qarşıdurma tamamilə fərqli geosiyasi şəraitdə baş verəcək”, - deyə Şahnazaryan qeyd edib.

Onun sözlərinə görə, Tehran Türkiyə-İsrail yaxınlaşmasını regionda yeni güc düzəninin elementi kimi qəbul edə bilər.

“İranda İsrailin siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkənin yaxın ətrafında möhkəmlənməsinə həssas yanaşırlar. Buna görə də Ankara-Təl-Əviv dialoqunun bərpası Tehranı digər regional tərəfdaşlarla əlaqələri gücləndirməyə sövq edə bilər”, - deyə ekspert bildirib.

Bununla yanaşı, o hesab edir ki, Türkiyə-İsrail münasibətlərinin normallaşması mütləq anti-İran ittifaqının formalaşması demək deyil.

“Ankara adətən strateji müstəqilliyini qorumağa çalışır. Daha real variant münasibətlərin normallaşdırılmasının əlavə diplomatik və iqtisadi resurs kimi istifadə edilməsidir”, - deyə Şahnazaryan vurğulayıb.

Erməni ekspert Ermənistan ilə ABŞ arasında imzalanmış “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinə dair sazişə də münasibət bildirib.

“Tehran bu təşəbbüsü yalnız iqtisadi və nəqliyyat layihəsi kimi deyil, regionda ABŞ və tərəfdaşlarının təsirini gücləndirən mexanizm kimi qiymətləndirir”, - deyə o qeyd edib.

Şahnazaryanın fikrincə, İranın əsas narahatlığı layihənin təhlükəsizlik aspektləri və ölkənin ənənəvi tranzit rolunun zəifləməsi ilə bağlıdır.

“Tehran hesab edir ki, bu cür layihələr İran ərazisindən yan keçə və onun Şərq-Qərb, həmçinin Şimal-Cənub kommunikasiyalarında oynadığı rolu zəiflədə bilər”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, İran layihəyə münasibətdə mövqeyini dəyişməyib.

“Tehran TRIPP-ə ehtiyatla yanaşmaqda davam edir. Lakin indi əsas diqqət layihənin tamamilə rədd edilməsinə deyil, İranın bu proseslərdə hansı yer və rola malik olacağına yönəlib”, - deyə Şahnazaryan əlavə edib.

Erməni ekspert İranın Cənubi Qafqazdakı mövqeyinə də toxunub.

“İran Cənubi Qafqazda təsirli və balanslaşdırıcı aktor statusunu qorumağa çalışır. Tehran üçün bu region artıq sadəcə qonşu ərazi deyil, ölkənin şimal təhlükəsizlik zonasının mühüm hissəsidir”, - deyə o bildirib.

Şahnazaryanın sözlərinə görə, İran regionda beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyini və regiondankənar güclərin hərbi-siyasi iştirakının məhdudlaşdırılmasını vacib hesab edir.

“40 günlük müharibədən sonra İranın yanaşması daha açıq təhlükəsizlik xarakteri alıb. Tehran Ermənistanın xarici siyasətindəki dəyişiklikləri diqqətlə izləyir”, - deyə erməni ekspert vurğulayıb.

O qeyd edib ki, İran Cənubi Qafqazda yalnız təhlükəsizlik aktoru kimi deyil, həm də iqtisadi və nəqliyyat mərkəzi kimi çıxış etmək niyyətindədir.

“Tehranın əsas prioritetlərindən biri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və regional kommunikasiya layihələrində fəal iştirakın təmin edilməsidir”, - deyə Şahnazaryan bildirib.

Şahnazaryan hesab edir ki, İran Azərbaycanla açıq siyasi və ya hərbi eskalasiyadan yayınmağa çalışır.

“İqtisadi, enerji və nəqliyyat sahələrində qarşılıqlı asılılıq Tehranı münasibətləri qorumağa məcbur edir. Buna görə İran təhlükəsizlik məsələlərində sərt, praktik münasibətlərdə isə ehtiyatlı davranır”, - deyə erməni ekspert vurğulayıb.

İran-Türkiyə münasibətlərinə gəlincə, Şahnazaryan onları “idarə olunan rəqabət” kimi xarakterizə edib.

“Hər iki ölkə Cənubi Qafqaz və Yaxın Şərqdə təsir imkanlarını genişləndirməyə çalışır. Buna baxmayaraq, iqtisadi və enerji sahəsindəki ortaq maraqlar münasibətlərin açıq qarşıdurmaya çevrilməsinə imkan vermir”, - deyə o bildirib.

Erməni ekspertin sözlərinə görə, həm İran-Azərbaycan, həm də İran-Türkiyə münasibətlərində əsas məntiq açıq qarşıdurma deyil, strateji balansın qorunmasıdır.

“Lakin regionda yeni eskalasiya baş verərsə, xüsusilə də xarici güclərin iştirakı, kommunikasiya marşrutlarının dəyişdirilməsi və ya yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı proseslər sürətlənərsə, mövcud balans da sürətlə dəyişə bilər”, - deyə Şahnazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahnazaryan   İran   Ermənistan  


Bizi "telegram"da izləyin