“Fransa İranda radioaktiv materiallara nəzarətdə iştirak etməlidir” - Makron

2026/05/1777995341.jpg
Oxunub: 221     17:20     15 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalar çərçivəsində Fransa İrandakı radioaktiv materiallara nəzarət prosesində iştirak etməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Makron TF1 telekanalına müsahibəsində danışıb.

“Bu, obyektlər üzərində nəzarət məsələsidir. Biz bunu necə etməyi bilirik, çünki əvvəllər də etmişik. Buna görə də ekspertlərimiz vasitəsilə öz töhfəmizi verəcəyik. Həm də ona görə ki, bu razılaşma yaxşı olarsa, İrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvini nəzərdə tutur”, - deyə Fransa lideri bildirib.

Makron ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya münasibət bildirərkən qeyd edib ki, qarşıdan gələn G7 sammitinin iştirakçıları imzalanmağa hazırlanan sazişin şərtlərinin həyata keçirilməsi üçün bütün səylərini göstərəcəklər.

O əlavə edib ki, qarşıdakı 60 gün ərzində İranın nüvə və raket proqramları ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.

Bu kontekstdə Fransa Prezidenti bildirib ki, “Avroüçlük” ölkələri olan Böyük Britaniya, Fransa və Almaniya İran İslam Respublikasına qarşı sanksiyaların aradan qaldırılması məsələsində xüsusi rola malikdir.

Makron jurnalistin ABŞ-nin zənginləşdirilmiş uranı müstəqil şəkildə İrandan çıxarmalı olub-olmaması ilə bağlı sualına mənfi cavab verib.

O vurğulayıb ki, bu istiqamətdə bütün fəaliyyət Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirilməlidir.

Fransa lideri həmçinin beynəlxalq ictimaiyyətin Tehrana təzyiq göstərməsinin tərəfdarı olduğunu bildirib ki, İranda zənginləşdirilmiş uran istehsalının sürətlə bərpası mümkün olmasın.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin