“Rəhbərinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı vaxt Asryan da kövrəlmişdimi?” - Abrahamyan

2026/06/1780298644.jpg
Oxunub: 187     15:49     15 İyun 2026    
“Baş Qərargah rəisi mayın 28-də keçirilən hərbi paradda kövrəldiyini deyib, lakin onun hansı hallarda emosional reaksiya göstərib-göstərmədiyi ilə bağlı daha ciddi suallar var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan bildirib.

Erməni deputat sosial şəbəkə hesabında yayımladığı açıqlamada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryanın parlamentdə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Abrahamyan xatırladıb ki, Baş Qərargah rəisi parlamentdə çıxışı zamanı mayın 28-də keçirilən hərbi parad zamanı kövrəldiyini etiraf edib. Erməni müxalif deputat isə bunun fonunda Asryana bir sıra siyasi və hərbi xarakterli suallar ünvanlayıb.

“Qarabağın Azərbaycan nəzarətinə keçdiyi dövrdə, rəhbərinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı vaxt Asryan da kövrəlmişdimi, yoxsa bunu Ermənistanın yükdən xilas olması kimi qiymətləndirmişdi?”, - deyə Abrahamyan sual edib.

Erməni deputat daha sonra 44 günlük müharibə və 2023-cü ilin sentyabr hadisələri nəticəsində Azərbaycanın nəzarətinə keçən hərbi texnika və silahlarla bağlı məsələyə toxunub.

“Baş Qərargah rəisi həmin hadisələr nəticəsində qənimət kimi Azərbaycanın əlinə keçən hərbi texnika və silahlarla bağlı kövrəlirdimi?”, - deyə o soruşub.

Abrahamyan həmçinin Eduard Asryanın Ermənistan hakimiyyətinin Silahlı Qüvvələrə və hərbçilərə münasibəti qarşısında hansı mövqe tutduğunu da sual edib.

“Onun siyasi rəhbəri öz bəyanatları ilə tabeliyində olan şəxsi heyəti hədəfə alanda, ölənlərin xatirəsini təhqir edəndə və onların valideynlərini müxtəlif formada təzyiq altında saxlayanda Asryan kövrəlirdimi?”, - deyə erməni deputat bildirib.

Müxalif erməni siyasətçi əlavə edib ki, Nikol Paşinyanın Ermənistan vətəndaşları barədə sərt və kobud ifadələr işlətməsi də cavab tələb edən məsələlərdən biridir.

“Paşinyan öz həmvətənləri haqqında təhqiramiz ifadələr işlətdiyi zaman Asryanın gözləri dolurdumu?”, - deyə Abrahamyan qeyd edib.

Erməni deputat daha sonra Qarabağ məsələsinə toxunaraq bildirib ki, Eduard Asryanın iştirakı ilə Qarabağın Azərbaycan ərazisi olduğu xatırladıldıqda və onun Qarabağdakı xidmətinin Ermənistanın müdafiəsi deyil, başqa bir dövlətin maraqlarına xidmət kimi təqdim edildiyi zaman hansı hisslər keçirdiyi də maraq doğurur.

“Baş Qərargah rəisi belə hallarda da kövrəlirmi?”, - deyə o sual edib.

Abrahamyan sonda vurğulayıb ki, bu mövzuda çoxsaylı suallar mövcuddur və cavabların necə olacağı əvvəlcədən məlumdur.

“Suallar çoxdur, cavablar isə proqnozlaşdırılandır”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Asryan   Ermənistan  


Bizi "telegram"da izləyin