“Hayeli”: Nikol Paşinyanın anti-Rusiya siyasətinin əvəzini kim ödəyir?

2026/06/1781326334.jpg
Oxunub: 245     14:51     15 İyun 2026    
Ermənistan hökumətinin son dövrlərdə ixracatçılar üçün təsdiqlədiyi kompensasiya proqramları ölkədə siyasi və iqtisadi müzakirələrə səbəb olub. Bu vəsaitlər nəticə etibarilə dövlət büdcəsi və vergi ödəyicilərinin hesabına maliyyələşdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri “Nikol Paşinyanın anti-Rusiya siyasətinin əvəzini kim ödəyir?” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilir ki, Ermənistan hökuməti son iclaslarında ixracatçıların dəstəklənməsi məqsədilə bir sıra qərarlar qəbul edib.

“İyunun 4-də istixana pomidorlarının, bibərin, çiyələyin və güllərin ixracının subsidiyalaşdırılması barədə qərar qəbul olunub. Daha sonra isə təzə meyvələrin, qablaşdırılmış üzüm şərabının, brendinin və mineral suyun ixracı üçün kompensasiyaların ayrılması qərara alınıb.

Ermənistan iqtisadiyyat nazirinin müavini Armen Xocoyan iyun ayı ərzində ixracatçılara veriləcək kompensasiyaların həcmini açıqlayıb:

Ərikin hər kiloqramına görə 200 dram,
Gavalı, şaftalı və nektarinin hər kiloqramına görə 250 dram,
Gilasın hər kiloqramına görə - 400 dram;
Qablaşdırılmış üzüm şərabının hər litrinə görə 350 dram,
Brendinin hər litrinə görə 830 dram,
Mineral suyun hər litrinə görə 150 dram.

Təkcə iyun ayı üçün ixracatçılara dövlət büdcəsindən 3,9 milyard dram ayrılması nəzərdə tutulub.

Rəsmi məlumatlara görə, iyunun 1-dən etibarən təxminən 257 min kiloqram gilas və 64 min 900 kiloqram ərik ixrac edilib və həmin məhsullara görə kompensasiya ödəniləcək”, - deyə müəllif yazıb.

Yazıda xatırladılır ki, iyun ayından etibarən “Rosselxoznadzor” Ermənistandan gilas, albalı, ərik, gavalı, şaftalı, nektarin, alma, armud, badımcan, kartof və quru meyvələrin idxalına məhdudiyyətlər tətbiq edib.

Məqalədə hökumətin bu addımlarının nəticə etibarilə dövlət büdcəsinə əlavə yük yaratdığı vurğulanır.

“Baş nazir ilin ortasında yeni xərclər əlavə edir, eyni zamanda aksiz vergilərinin artırılması barədə qərarlar qəbul olunur. Bu isə siqaret və spirtli içkilərin qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq. Nəticədə yeni xərcləri yenə vətəndaşlar maliyyələşdirirlər”, - deyə müəllif qeyd edib.

Məqalədə idarəetmə üzrə erməni mütəxəssis, iqtisadçı Hovhannes Avetisyanın fikirlərinə də yer verilib.

“Bu məsələnin əsas problemi iqtisadi deyil, siyasi xarakter daşıyır. Hakimiyyət öz siyasəti ilə problemlər yaradır, sonra isə göstərməyə çalışır ki, günah onlarda deyil, ruslardadır və onlar guya insanlara kömək edirlər”, - deyə Avetisyan bildirib.

Erməni iqtisadçı qeyd edib ki, dövlətin bütün xərclərini nəticə etibarilə vergi ödəyiciləri qarşılayırlar.

“Bu ölkədə hər şeyin əvəzini Ermənistan vətəndaşı ödəyir. Dövlət xərclərinin yükü son nəticədə yenə vətəndaşların üzərinə düşür”, - deyə o vurğulayıb.

Məqalədə “Hayastan” blokunun deputatı və iqtisadçı Artur Xaçatryanın mövqeyi də təqdim olunub.

Onun fikrincə, hökumətin müəyyən etdiyi kompensasiya məbləğləri kənd təsərrüfatı məhsullarının real dəyərinə uyğun deyil.

“Ərikin kiloqramına 200 dram, şaftalının kiloqramına 250 dram verilməsi çox aşağı qiymətdir. Bundan əlavə, bu dəstəyin hansı həcmdə və nə qədər müddətə veriləcəyi də aydın deyil”, - deyə Xaçatryan bildirib.

O hesab edir ki, ayrılan vəsaitlərin mənbəyi ilə bağlı da suallar var.

“Mən düşünmürəm ki, büdcənin ehtiyat fondu bütün bu ödənişləri qarşılamaq üçün kifayət etsin. Bu, sadəcə müvəqqəti gözboyama və aldatma xarakteri daşıyır”, - deyə erməni deputat qeyd edib.

Məqalədə Xaçatryanın Ermənistanın Rusiya ilə münasibətlərinin iqtisadi nəticələri barədə fikirlərinə də yer verilib.

“Bəli, əminəm ki, bu siyasətin nəticələrinin maliyyə yükünü adi vətəndaşlar daşıyırlar”, - deyə o bildirib.

Yazıda həmçinin Ermənistan hökumətinin buğda ixracına altı aylıq müvəqqəti qadağa tətbiq etməsi barədə qərarından da bəhs olunur.

Rəsmi açıqlamaya görə, qərarın məqsədi ölkənin ərzaq təhlükəsizliyini və iqtisadi sabitliyini təmin etməkdir.

Xaçatryan isə hesab edir ki, bu addım Rusiyanın gələcəkdə Ermənistana buğda ixracını məhdudlaşdıra biləcəyi ehtimalı ilə əlaqədardır.

“Mən belə bir ssenarini mümkün hesab edirəm. Rusiya əvvəllər də müəyyən dövrlərdə ixrac məhdudiyyətləri tətbiq edib və Avrasiya İqtisadi Birliyi ölkələri üçün istisnalar müəyyənləşdirib. Lakin mövcud siyasi şəraitdə Ermənistanın həmin istisnalardan kənarda qalmasını istisna etmirəm”, - deyə Xaçatryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin