Ordu.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərə diplomatik missiyasının başa çatması ilə bağlı keçirilən görüşdə bildirib.
"Almaniya, Aİ-nin ən böyük iqtisadiyyatı və Avropaya inteqrasiyanın ən fəal tərəfdarlarından biri kimi həmişə Aİ və Azərbaycan arasında möhkəm münasibətlərin inkişafının tərəfdarı olub", - o deyib.
Onun sözlərinə görə, son 12 ayda Bakı və Brüssel arasında münasibətlər davamlı müsbət dinamika nümayiş etdirib.
Səfir xatırladıb ki, mart ayında Aİ Şurasının Prezidenti Antonio Koşta, həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanda səfərdə olublar.
Bundan əlavə, ötən ilin sonlarında tərəflər maliyyə sazişi imzalayıblar və hazırda yeni əməkdaşlıq sazişi üzrə danışıqları davam etdirirlər.
"Bütün bunlar Aİ və Azərbaycan arasındakı münasibətlərdə çoxlu sayda müsbət proseslərin getdiyindən xəbər verir. Bu hadisələr həmçinin Aİ-nin son illərdə nəzərəçarpacaq dərəcədə artmış regiona və Azərbaycana artan marağını vurğulayır. Bu, Azərbaycan enerji resurslarının təchizatçısı olduğu üçün həm enerji təhlükəsizliyi məsələləri, həm də onun Asiya və Avropa arasında nəqliyyat qovşağı rolu ilə bağlıdır", - o qeyd edib.
Səfir qeyd edib ki, Aİ regionda infrastruktur layihələrinin həyata keçirilməsində, o cümlədən Orta Dəhlizin mühüm elementi kimi nəzərdən keçirilən Naxçıvanda dəmir yolu xəttinin modernləşdirilməsində fəal iştirak edir.
"Almaniya üçün bu müsbət dinamikanın qorunub saxlanılması, Aİ ilə Azərbaycan arasında münasibətlərin genişlənməyə və dərinləşməyə davam etməsi çox vacibdir, çünki bu region Avropa üçün getdikcə daha mühüm rol oynayır", - səfir əlavə edib.
Ordu.az