Ordu.az xəbər verir ki, bu barədə Ermənistan MSK-nın sədri Vahaqn Hovakimyanın yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunur ki, MSK belə qərar qəbul edərkən seçicilərin həqiqi iradəsinin qorunmasını və seçki nəticələrinin qanuniliyinin təmin edilməsini nəzərə almalıdır.
“Bu səbəbdən MSK mövcud şəraitdə zəruri, mütənasib olan və aradan qaldırılmalı pozuntudan daha böyük təhrif yaratmayan vasitəni seçməlidir”, - deyə açıqlamada vurğulanıb.
Hovakimyanın sözlərinə görə, qismən təkrar səsvermə zamanı ciddi problem yaranır.
“Əsas səsvermədə iştirak edən seçicilər ümumi nəticələr məlum olmadan səs veriblər. Onlar kimin öndə olduğunu, səslər arasındakı fərqin nə qədər təşkil etdiyini, hansı siyasi qüvvənin baryeri keçəcəyini və ya səslərinin yekun nəticəyə necə təsir göstərəcəyini bilməyiblər.
Lakin təkrar səsvermədə iştirak edən seçicilər artıq fərqli şəraitdə səs verəcəklər. Onlar seçkilərin ümumi mənzərəsini, yəni iştirakçıların təxminən 99,8 faizinin nəticələrini biləcəklər.
MSK sədri hesab edir ki, belə şəraitdə seçicinin iradəsi ilkin siyasi seçimə və azad qərara deyil, artıq məlum olan nəticəni dəyişdirmək hesablamasına əsaslana bilər. Bu risk adətən taktiki səsvermə (tactical voting) kimi xarakterizə olunur”, - deyə açıqlamada qeyd edilir.
Bildirilib ki, Venesiya Komissiyası da qismən təkrar səsvermənin hər zaman uyğun vasitə olmadığını qəbul edir.
Komissiyanın 2025-ci il təcili hesabatında qeyd olunur ki, pozuntular yalnız müəyyən seçki məntəqələrinə aid olduqda, reaksiyanın da həmin məntəqələrlə məhdudlaşdırılması mümkündür. Lakin sənəddə mühüm istisna da göstərilir.
Qeyd olunur ki, əgər yeni səsvermə taktiki səsvermə ehtimalına görə ədalətli seçki nəticəsinə təminat vermirsə, qismən təkrar səsvermə uyğun vasitə hesab edilə bilməz.
Açıqlamada seçki hüququ baxımından bərabərlik prinsipinin də pozula biləcəyi vurğulanır.
“Seçicilərin bir qrupu digər seçicilərdən əhəmiyyətli dərəcədə fərqli başlanğıc şəraitində səs verirsə, bu, seçicilərin bərabərliyi prinsipinə zidd ola bilər”, - deyə bildirilir.
Ermənistan MSK sədri Ermənistan Konstitusiya Məhkəməsinin yanaşmasına da istinad edib. O qeyd edib ki, seçki pozuntularının nəticələri qiymətləndirilərkən qanuni şəkildə səs vermiş seçicilərin hüquqları da qorunmalıdır.
“Əgər əsas səsvermə zamanı seçicilərin iradəsi qanuni şəkildə ifadə olunubsa, sonrakı təkrar səsvermə həmin iradəyə ikinci dərəcəli və hesablanmış təsir göstərməməlidir.
Təkrar səsvermə barədə qərar qəbul edilərkən bir sıra vacib suallar nəzərə alınmalıdır:
Təkrar səsvermə zamanı əsas səsvermə günündə olduğu kimi azad və bərabər mühit təmin olunacaqmı? Məlum nəticələr taktiki səsvermə riskini artıracaqmı? Qanuni şəkildə səs vermiş seçicilərin hüquqları pozulacaqmı? Qeyri-qanuni və ya korrupsiya xarakterli təsir mənbələri aradan qaldırılıbmı?
Bu suallara verilən cavablar təkrar səsvermənin azad, bərabər və ədalətli nəticə verməyəcəyini göstərirsə, belə səsvermə təyin edilməməlidir.
Belə halda təkrar səsvermənin keçirilməməsi pozuntunun nəzərə alınmaması demək deyil. Bu, seçicilərin iradəsinin daha da təhrif olunmasına səbəb ola biləcək vasitədən istifadə edilməməsi deməkdir”, - deyə açıqlamada vurğulanıb.
Sənədin sonunda qeyd olunur ki, Ermənistan MSK Konstitusiya ilə seçkilərin qanuniliyinə nəzarət edən müstəqil qurum kimi mexaniki şəkildə təkrar səsvermə keçirmək məntiqindən deyil, azad və bərabər seçki, mütənasiblik və seçicilərin həqiqi iradəsinin qorunması prinsiplərindən çıxış etməlidir.
Alpər Mövludoğlu
Ordu.az