Zelenski: “10 ildən çox əvvəl Leninin abidəsinin söküldüyü yerdə İvan Mazepanın abidəsi ucaldılacaq”

2026/06/1780501213.jpg
Oxunub: 274     15:04     28 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski 10 ildən artıq əvvəl Leninin abidəsinin söküldüyü ərazidə gələcəkdə İvan Mazepanın abidəsinin ucaldılmasının təklif olunduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Kiyev-Peçersk Lavrasında İvan Mazepanın büstünün açılışı zamanı çıxış edən Zelenski bildirib ki, Ukrayna tarixi ədaləti bərpa edir.

“Bu gün biz növbəti tarixi ədalətsizliyi aradan qaldırırıq. Artıq burada, Kiyev-Peçersk Lavrasında böyük ukraynalı və Lavranın himayədarı İvan Mazepanın büstü tam haqlı olaraq ucalacaq”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, məhz Mazepanın himayəsi dövründə Kiyev-Peçersk Lavrası inkişafının ən parlaq mərhələsini yaşayıb. Prezident hetmanı görkəmli dövlət xadimi, mesenat və Kazak dövlətinin rəhbəri adlandırıb.

Zelenskinin fikrincə, İvan Mazepa təkcə büstə deyil, həm də paytaxtda tamhüquqlu abidəyə layiq şəxsiyyətdir.

O bildirib ki, bunun üçün artıq simvolik məkan, 2013-cü ilin dekabrında Ləyaqət İnqilabı zamanı Leninin abidəsinin söküldüyü Taras Şevçenko parkı mövcuddur.

“Mən hesab edirəm ki, onun üçün ideal yer artıq var. O yer 2013-cü ilin dekabrından Şevçenko parkında mövcuddur. Əminəm ki, Leninin yıxıldığı yerdə Mazepa möhkəm dayanacaq”, - deyə Zelenski vurğulayıb.

Bessarabka meydanında Leninin abidəsi 2013-cü ilin dekabrında Ləyaqət İnqilabı zamanı sökülüb. Həmin vaxtdan etibarən ərazi boş qalıb və onun gələcək taleyi ilə bağlı müxtəlif müzakirələr aparılır.

İvan Mazepa 1687-1709-cu illərdə Zaporojye kazak qoşununun hetmanı olub. O, 20 ildən artıq müddətdə Rusiya çarlığının protektoratı altında fəaliyyət göstərib və I Pyotrun ən yaxın müttəfiqlərindən biri sayılıb. Mazepa Solsahil Ukraynasını və Kiyevi idarə edib, regionun iqtisadi inkişafına töhfə verib.

1708-ci ildə Şimal müharibəsi zamanı Hetmanatın müstəqilliyinə nail olmaq ümidi ilə İsveç kralı XII Karlın tərəfinə keçib. İsveçlilər və kazaklar 1709-cu ildə Poltava döyüşündə məğlub olduqdan sonra Osmanlı İmperiyasına qaçıb və qısa müddət sonra Bender şəhərində vəfat edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin