Aİ-nin Cənubi Qafqaz səfərləri: Ermənistanda keçirilən seçkilərdən sonra Brüssel yeni sürətlə fəallaşır

2026/06/1782537966.jpg
Oxunub: 211     21:12     28 İyun 2026    
“Ermənistanda keçirilən seçkilərdən sonra nəticələr hələ də Konstitusiya Məhkəməsində mübahisələndirildiyi bir vaxtda Avropa İttifaqı regionda fəaliyyətini yeni mərhələyə keçirib. Brüssel Ermənistana sürətli dəstək paketi təqdim edəcəyini bəyan edir, eyni zamanda Rusiyanın siyasi təzyiqləri fonunda Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Aİ-nin Cənubi Qafqaz səfərləri: Ermənistanda keçirilən seçkilərdən sonra Brüssel yeni sürətlə fəallaşır” sərlövhəli məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqı bu gün təsdiqləyib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen gələn həftə Rusiyanın siyasi təzyiqləri fonunda Brüsselin Ermənistana dəstəyini nümayiş etdirmək məqsədilə İrəvana səfər edəcək. Bildirilir ki, o, daha sonra Azərbaycana da gedəcək.

“Fon der Lyayenin Cənubi Qafqaza səfərinin məqsədi Avropa İttifaqının bu ölkələrə dəstəyini nümayiş etdirməkdir”, - deyə “Reuters” agentliyinə istinadən Avropa İttifaqından bildirilib.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da iyulun 5-də Ermənistana səfər edəcək.

“Ermənistanda iyunun 7-də keçirilən seçkilərdən sonra, nəticələri müxalifətin Konstitusiya Məhkəməsində mübahisələndirməsinə baxmayaraq, Avropa İttifaqı fəallığını artıraraq Ermənistana təcili dəstək paketi təqdim ediləcəyini və əslində ölkəni Rusiyanın məhdudiyyətlərindən “qorumağa” çalışacağını bəyan edib”, - deyə nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, 2026-cı il iyunun 14-15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda işgüzar səfərdə olub. İyunun 15-də o, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilən müzakirələrə qatılıb.

“Bundan əlavə, Avropa İttifaqı yaxın günlərdə Avropanı Qara dəniz regionu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə əlaqələndirməyi hədəfləyən “Bağlantı Gündəliyi Platforması”nı (Connectivity Agenda Platform) rəsmi şəkildə işə salıb”, - deyə nəşr qeyd edib.

Nəşrin yazdığına görə, platformanın təqdimatında Ermənistan nümayəndəsi iştirak etsə də, Azərbaycan tərəfi təmsil olunmayıb. Bununla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono hazırda Bakıdadır.

“Bakıda keçirdiyi görüşlər zamanı o, Azərbaycan rəsmiləri ilə regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat əlaqələri sahəsində mövcud imkanları, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə edib”, - deyə məqalədə bildirilir.

Nəşr Maqdalena Qrononun “X” sosial şəbəkəsindəki paylaşımından da sitat gətirib:

“Azərbaycanlı tərəfdaşlarımla, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaq üçün yenidən Bakıda olmaqdan məmnunam.

Müzakirələrimiz regional proseslərə, Aİ-Azərbaycan münasibətlərinə, nəqliyyat əlaqələri sahəsindəki imkanlara, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə, həmçinin Avropa İttifaqının hər iki ölkə ilə qarşıdakı yüksək səviyyəli təmaslarına həsr olunub. Biz iki ölkə arasında davamlı sülhə aparan yolda əldə edilmiş tarixi nəticələrin dinamikasının qorunub saxlanılması barədə razılığa gəldik. Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək”.

Məqalədə qeyd olunur ki, bundan əvvəl NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton da ilk dəfə bu statusda Azərbaycana səfər edib. Eyni vaxtda Fransa Prezidentinin kontinental Avropa məsələləri üzrə diplomatik müşaviri Bertran Buxvalter də Bakıda olub.

“Ən vacib məqam isə ondan ibarətdir ki, qarşıdakı həftə Ursula fon der Lyayen həm İrəvana, həm də Bakıya səfər edəcək. Bununla Brüssel balansı qorumağa çalışır, halbuki səfərin əsas gündəliyi Rusiyanın məhdudiyyətləri fonunda Ermənistana dəstəyin nümayiş etdirilməsidir. Brüssel Ermənistanda seçkilərdən sonrakı mərhələdə Cənubi Qafqazda yüksək intensivlikli iştirak siyasəti yürüdür.

Ursula fon der Lyayenin İrəvan və Bakıya planlaşdırılan səfəri təkcə simvolik dəstək addımı deyil, həm də strateji hesablamadır. Avropa İttifaqı Rusiyanın təsirinə qarşı balans yaratmaqla yanaşı, öz gündəliyini və təsir imkanlarını irəli apararaq regional sabitliyin təminatçısı kimi çıxış etməyə çalışır”, - deyə məqalədə qeyd olunub.

Nəşr hesab edir ki, hazırkı mərhələdə Brüsselin gündəmində Cənubi Qafqazın nəqliyyat və enerji əlaqələrinin inkişafı əsas yer tutur.

“Bağlantı Gündəliyi Platforması”nın işə salınması göstərir ki, Brüssel regiona təkcə siyasi tərəfdaşlıq məkanı kimi deyil, həm də Avropanı, Qara dəniz hövzəsini və Mərkəzi Asiyanı birləşdirən strateji dəhliz kimi baxır. Bu kontekstdə Ermənistan mümkün tranzit halqası hesab edilir, Azərbaycana maraq isə həm enerji əməkdaşlığı, həm də Şərq-Qərb kommunikasiya layihələrində oynadığı əsas rolla bağlıdır”, - deyə nəşr yazıb.

Məqalədə vurğulanır ki, Avropa İttifaqı eyni zamanda Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə siyasi kapital yatırmağa davam edir və vasitəçilik rolunu qorumağa çalışır.

“Bu səbəbdən yaxın günlərdə planlaşdırılan yüksək səviyyəli Avropa səfərləri yalnız Ermənistana siyasi dəstək nümayişi kimi deyil, həm də Avropa İttifaqının daha geniş Cənubi Qafqaz strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu strategiya Rusiyanın təsirinin məhdudlaşdırılması, Çin və Türkiyənin artan rolunun balanslaşdırılması, Avropanın nəqliyyat və enerji maraqlarının irəli aparılması, həmçinin İrəvan və Bakı ilə paralel və balanslaşdırılmış siyasi dialoqun saxlanılmasını nəzərdə tutur”, - deyə nəşr qeyd edib.

Müəllifin fikrincə, Avropa İttifaqının Cənubi Qafqaz, o cümlədən Bakı istiqamətində intensiv diplomatik səfərləri Brüsselin Azərbaycanı da Qərb orbitinə daha sıx bağlamaq niyyətini göstərir.

“Balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycana Avropa İttifaqı yüksək səviyyəli səfərlər və məsləhətləşmələr vasitəsilə nümayiş etdirməyə çalışır ki, Avropa ilə iqtisadi və nəqliyyat inteqrasiyası daha böyük strateji sabitlik təmin edə bilər. Bu baxımdan Avropa rəsmilərinin Bakıya ardıcıl səfərləri Azərbaycanın mümkün qədər Qərbə yaxınlaşdırılması istəyinin göstəricisi hesab olunur. Burada iqtisadi qarşılıqlı fayda siyasi istiqamət seçiminin əsas təşviqedici amili kimi təqdim edilir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin