Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Konstantinovkada “Cənub” qoşun qruplaşmasının bölmələri bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir. Şəhərin cənub-qərb hissəsində təmizləmə əməliyyatlarının aparıldığı və dağınıq Ukrayna qüvvələrinin məhv edildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Ukrayna tərəfi bu istiqamətdə son sutkada 90-a qədər hərbçi itirib.
Bundan başqa, Krasnı Liman istiqamətində Rusiya qüvvələrinin qərb istiqamətində irəliləməni davam etdirdiyi bildirilib. Nazirliyin məlumatına əsasən, 67-ci motoatıcı diviziyanın bölmələri beş dayaq məntəqəsini ələ keçirərək şəhərin şimal-qərb hissəsində yerləşən 57 binaya nəzarəti təmin edib.
Nazirlik həmçinin bəyan edib ki, döyüş bölgəsinin təcrid olunması məqsədilə Hərbi Kosmik Qüvvələrin ekipajları Krasnı Limanın qərb kənarında Ukrayna Silahlı Qüvvələrinin 60-cı mexanikləşdirilmiş briqadasının bölmələrinə FAB-500 aviasiya bombaları ilə zərbə endirib.
Rusiya tərəfinin iddiasına görə, həmin bölmələr “Qolubıye Ozyora” istirahət bazası istiqamətində şəhəri tərk etməyə cəhd göstərirdi. Zərbə nəticəsində 30-a qədər Ukrayna hərbçisinin məhv edildiyi bildirilib.
Nazirliyin məlumatına əsasən, Krasnı Liman istiqamətində Ukrayna tərəfinin ümumi itkiləri son sutkada 40 nəfərə qədər olub.
Sevinc Əliyeva
Ordu.az