Ordu.az xəbər verir ki, bu barədə mövzu ilə tanış mənbələr məlumat yayıb.
Hazırda ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığına rəhbərlik edən Donahu cəmi 18 aylıq xidmətdən sonra vəzifəsini tərk edəcək. Onun səlahiyyətlərini müvəqqəti olaraq general-mayor Kristofer Norri icra edəcək.
ABŞ Quru Qoşunlarının sözçüsü Sintiya Smit Donahunun vəzifədən ayrılacağını təsdiqləsə də, bunun səbəblərini açıqlamayıb. Müharibə Nazirliyinin sözçüsü Coel Valdez isə məsələ ilə bağlı sualları Quru Qoşunlarına yönləndirib. Donahu da nümayəndəsi vasitəsilə şərh verməkdən imtina edib.
Generalın istefası Tramp administrasiyası dövründə yüksək rütbəli hərbi rəhbərlərin vəzifədən uzaqlaşdırılması prosesinin növbəti halı kimi qiymətləndirilir. Pit Heqset son aylarda səbəbləri açıqlanmadan bir sıra general və admiralı vəzifədən uzaqlaşdırıb. Aprel ayında Quru Qoşunlarının komandanı general Rendi Corc və daha iki general da təqaüdə göndərilmişdi.
Mənbələrin bildirdiyinə görə, Donahu aylarla davam edən qeyri-müəyyənlikdən sonra təqaüdə çıxmaq qərarına gəlib. Bu proses Heqset komandasının onun rəhbərlik etdiyi komandanlıq da daxil olmaqla bir sıra hərbi komandanlıqların statusunu üçulduzlu səviyyəyə endirmək planı ilə üst-üstə düşüb.
Mənbələr bildirirlər ki, Donahu yeni vəzifədə xidmət etməyə hazır olduğunu bəyan etsə də, ona hələlik heç bir təklif edilməyib.
Orduda uzun illər islahatçı rəhbər kimi tanınan Donahu gələcəkdə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və ya Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunurdu. Təqaüddə olan yüksək rütbəli zabitlərdən biri onu “hər səviyyədə mübahisəsiz ən yaxşı döyüşçümüz” adlandırıb.
Donahu elit “Delta Force” bölməsinin komandiri kimi İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlarda mühüm rol oynayıb. Daha sonra Əfqanıstanda Xüsusi Əməliyyat Qüvvələrinin yüksək rütbəli komandiri kimi xidmət edib. Almaniyaya təyin olunmazdan əvvəl isə 82-ci Hava Desant Diviziyasına və 18-ci Hava Desant Korpusuna rəhbərlik edib.
O, 2021-ci ildə Əfqanıstandan xaotik təxliyədən sonra siyasi müzakirələrin mərkəzinə çevrilmişdi. ABŞ-nin dəstəklədiyi hökumətin süqutundan sonra Kabilə göndərilən Donahu hava limanının nəzarətə götürülməsi zamanı “Taliban” rəhbərlərinə sərt xəbərdarlıq etdiyini bildirmişdi.
General demişdi: “Onlara qapılara bizim nəzarət edəcəyimizi, insanların onların tərəfindən çıxarılacağını dedik. Bizə qarşı çıxacaqları təqdirdə onların öldürə biləcəyindən qat-qat çox insanı məhv edə biləcəyimizi bildirdik. Bundan sonra davranışları dəyişdi”.
2021-ci il avqustun 26-da İŞİD tərəfindən həyata keçirilən intihar hücumu nəticəsində 13 ABŞ hərbçisi və 170-ə yaxın əfqan həlak olmuşdu. Rəsmilər həmin vaxt hücumun baş verdiyi “Abbey Gate” keçid məntəqəsinin Donahunun nəzarətində olmadığını bildiriblər. Dörd gün sonra ABŞ ordusu Əfqanıstanı tərk edib və Pentaqon ölkədən çıxan son ABŞ hərbçisi kimi Donahunun fotosunu yayımlayıb.
Tənqidçilər Əfqanıstandan çıxmağa görə məsuliyyəti Donahunun üzərinə qoysa da, tərəfdarları onun böhran şəraitində vəziyyəti nizama saldığını bildirirlər.
Sevinc Əliyeva
Ordu.az